Mingəçevir Dövlət Universitetində Ümumdünya Yer Kürəsi Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib (FOTO)

Mingəçevir Dövlət Universitetində (MDU) “Fizika və ekologiya”
kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi
dərnəyinin təşkilatçılığı ilə Ümumdünya Yer Kürəsi Gününə həsr
olunmuş “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda
elmi-praktik seminarı keçirilib. “Microsoft Teams” platforması
üzərindən onlayn formatda təşkil olunan seminarda universitetin
akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak
ediblər.

MDU-dan AzerTimes-a bildirilib ki, tədbirdə giriş sözü ilə çıxış
edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev
Ümumdünya Yer Kürəsi Gününün qeyd edilməsində əsas məqsədin
cəmiyyətin və insanların diqqətinin Yerin və onun ekosisteminin
problemlərinə cəlb edilməsi olduğunu qeyd edib və seminarın
mövzusunun aktuallığını vurğulayıb.

Seminarın moderatoru, “Ekologiya” tələbə elmi dərnəyinin rəhbəri
Gülmirə Məmmədova tədbirin proqramı haqqında ətraflı məlumat
verdikdən sonra məruzələr dinlənilib.

MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Məleykə Həziyeva
“Sənaye sahələrinin bərk tullantılarının yaratdığı ekoloji
problemlər”, Leyla Əlizadə “Kənd təsərrüfatı, qida sənayesi
tullantılarının emalı və utilizasiyası”, Leyla Şükürova “Bərk
məişət tullantılarının yeni poliqonlarda idarə olunması”, Ziyad
Yusifzadə “Azərbaycanda bərk məişət tullantılarının təkrar emalı
sahəsində görülən işlər”, Səma Mustafayeva “Beynəlxalq miqyasda
tullantı biznesinin pərdə arxası” və Fatma Mirzəzadə “Azad olunmuş
ərazilərdə tullantıların idarə olunması” mövzularında məruzələrlə
çıxış ediblər.
Maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş
müzakirəsinə səbəb olub və mövzu ilə bağlı verilən çoxsaylı suallar
ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, dünyada hər il 22 aprel tarixi Ümumdünya Yer
Kürəsi Günü kimi qeyd olunur. Ölkəmizdə yüksək keyfiyyətli ekoloji
mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə
töhfə vermək məqsədilə MDU-da ekoloji təhsilin inkişaf
etdirilməsinə və gənclər arasında ekoloji maarifləndirmə işlərinin
həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Teqlər: