Mingəçevir Dövlət Universitetində “Tyutor xidməti” təlimləri uğurla başa çatıb (FOTO)

2021-ci ilin 26 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Tyutor xidməti” təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılarla görüş keçirilib.

Görüşdə təlimlərin uğurla başa çatmasından məmnunluğunu ifadə edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, təlim iştirakçılarını təbrik edib, proqramın təşkilində və icrasında əməyi olan bütün akademik, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.

Son dövrdə MDU-da yeni dövrün universitetinə transformasiya yolunda görülən işlərdən söhbət açan Ş.Bayramov kadr potensialının, tələbə və magistrantların hərtərəfli inkşafı məqsədilə təşkil olunan təlimlərin universitetin modernləşməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

Tədris prosesinin səmərəli təşkili və idarə olunmasında tyutor xidmətinin önəmini diqqətə çatdıran rektor bu istiqamətdə daha effektiv və keyfiyyətli fəaliyyətin təmin edilməsi üçün bilik və bacarıqların davamlı şəkildə yenilənməsinin vacibliyindən bəhs edib və görüş iştirakçılarına uğurlar arzulayıb.

Sonra, təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, 2021-ci ilin 13 iyul tarixindən etibarən MDU-da “Tyutor xidməti” təlim proqramına start verilib. Proqram çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri. Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliyi” və “Təqdimat və onun hazırlanması” mövzusunda təlimlər keçirilib.

Teqlər: