2021-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XI elmi-praktik konfransı keçirilib. Konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov universitetdə təhsil alan tələbə və magistrantların elmi fəaliyyətə aktiv cəlb edilməsində TEC-in rolundan bəhs edib. Son dövrdə MDU-da tələbə gənclərin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan rektor elmi-praktiki konfransın əhəmiyyətini və davamlı olaraq həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
MDU-nun tələbələrindən Zəminə Məmmədova “İşğaldan azad olunmuş ərazilərin inkişafının iqtisadi perspektivləri” mövzusunda, Emiliya Hüseynova “Nizami Gəncəvi “Xəmsə”sində əxlaq tərbiyəsi məsələləri” mövzusunda, Salatın Rəhimova “Bütün zamanların elm nəhəngi olan Lütfi Zadənin elmi nailiyyətləri” mövzusunda, Cavid Xancanlı “Rəqabətqabiliyyətli iqtisadiyyatda icbari tibbi sığortanın maliyyə təminatı” mövzusunda, Pərvin Qocayeva “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyaların tərənnümü” mövzusunda, Pərvin Əhmədov “Lütfi Zadə nəzəriyyələrinin praktiki tətbiqləri” mövzusunda, Əlirza Abdullayev “Birbaşa xarici investisiyalar davamlı iqtisadi artımın başlıca amili kimi” mövzusunda, Fatimə Babayeva “Soft Computing nəzəriyyəsinin tətbiqilə Pilotsuz uçuş aparatların (PUA) kompüter simulyasiyası” mövzusunda, Leyla Verdizadə “Bərabərsizliklərin isbatının bəzi üsulları” mövzusunda məruzələr ilə çıxış ediblər.
Tələbələrin aktuallığı ilə seçilən mövzularda çıxışları böyük maraqla qarşılanıb. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının tələbələrə müvafiq tövsiyələri çatdırılıb.
Qeyd edək ki, pandemiya dövrünün davam etməsinə baxmayaraq MDU-da tədrisin davamlılığının təmin edilməsi ilə yanaşı, tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi istiqamətində də müvafiq tədbirlərin görülməsinə xüsusi əhəmiyyət verilir.