2021-ci ilin 7 sentyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi (MPM) və “Azmade Group” MMC arasında üçtərəfli təhsil və sənaye əməkdaşlığı formatı çərçivəsində işçi qaydada növbəti görüş keçirilib.
MDU-dan AzerTimes-a verilən məlumata görə, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə universitet və peşə məktəbi tərəfindən “Azmade Group” MMC-nin müxtəlif sənaye sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərinə ünvanlanmış sorğunun nəticələri müzakirə edilib.
Şirkətlərin strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyaclar və əməkdaşlıqdan başlıca gözləntiləri, ehtiyac duyulan peşə və ixtisaslar, mövcud vakansiyalar, mütəxəssislər üçün tələb olunan bilik və bacarıqlar, məqsədli əlavə təhsil və təcrübə proqramları ilə bağlı aparılmış sorğunun cavabları əsasında yeni tədris ilində üçtərəfli təhsil və sənaye əməkdaşlığının mümkün istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Mövcud ehtiyacların müəyyən edilməsi və əməkdaşlığın yol xəritəsinin hazırlanması baxımından sorğunun əhəmiyyətini yüksək qiymətləndirən görüş iştirakçıları 2021/2022-ci tədris ilində hər iki təhsil müəssisəsində kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi, təhsilalanların müasir praktiki bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təklifləri diqqətə çatdırıblar.
Qeyd edək ki, MDU, MPM və “Azmade Group” MMC arasında üçtərəfli əməkdaşlığın əsası cari ilin 10 iyun tarixində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. Regional ekosistemin mühüm aktorlarından birinə çevrilməyi hədəfləyən MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.