2022-ci ilin 9 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) “Süni intellekt bu gün və sabah” mövzusunda elmi-praktiki
seminar keçirilib. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət
göstərən professoru Cemal Yılmaz tərəfindən keçirilən seminarda
universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və
magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və
innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev
moderatorluq edib.
MDU-dan AzerTimes-a
verilən məlumata görə, seminarda universitetin elmi işlər üzrə
prorektor əvəzi, professor Veysəl Əyyubov giriş sözü ilə çıxış
edib. Müasir dövrdə süni intellektin həyatımızın bütün sahələrində
geniş tətbiq edildiyini və cəmiyyətin innovativ inkişafında mühüm
rol oynadığını diqqətə çatdıran professor V.Əyyubov seminarın
mövzusunun aktuallığını vurğulayıb və təşkilatçılara təşəkkürünü
bildirib.
Sonra, seminarın proqramına uyğun olaraq, professor C.Yılmazın
məruzəsi dinlənilib. Son dövrdə MDU-da süni intellekt sahəsində
tədqiqatlara marağın artdığını qeyd edən C.Yılmaz bu mövzuda
universitet əməkdaşlarının məqalə və tezislərinin bir sıra
konfranslarda təqdim edilməsini və elmi jurnallarda dərc olunmasını
müsbət qiymətləndirib.
Süni intellektin müasir dünyadakı rolundan söz açan professor
onun üstünlüklərindən, cəmiyyət həyatının bir çox sahələrində
mürəkkəb məsələləri effektiv həll etmək imkanlarından bəhs edib.
Süni intellektin tətbiqinin insanların həyatını asanlaşdırmağa
xidmət etdiyini bildirən C.Yılmaz bununla bağlı bir sıra praktiki
nümunələr təqdim edib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu
ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, professor C.Yılmaz Qazi Universiteti ilə yaradılan
işbirliyi çərçivəsində cari tədris ilində MDU-nun Mühəndislik
fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.