2021-ci ilin 5-10 avqust tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) “Seed” Tələbə Startap Mərkəzinin təşkilatçılığı ilə “Sahibkarlıq bacarıqlarının inkişafı” mövzusunda təlimlər keçirilib. “Microsft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən beşgünlük təlim proqramında universitetin tələbə və magistrantları iştirak ediblər.
Proqrama uyğun olaraq, 5 və 6 avqustda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Elmi Cəmiyyətlərinin sədri, “eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov “İdeyanı necə tapmalı?” və “Minimum işlək məhsul nədir?”, 7 və 8 avqustda İnnovasiyalar Agentliyinin Startaplara dəstək və akselerasiya şöbəsinin baş mütəxəssisi, “Barama” İnnovasiya və Akselerasiya Mərkəzinin koordinatoru Camal Ağayev “Hədəf müştərilərin və dəyər təklifinin müəyyənləşdirilməsi” və “Biznes model”, 10 avqustda isə “Tech.az” saytının icarçı direktoru Tariyel Ağazadə “Sahibkarlıq üçün təqdimat bacarıqları” mövzusunda təlimlər keçiblər.
Təlimlər tələbə və magistrantlarda innovativ sahibkarlıq fürsətlərini dəyərləndirmək, müştəri ehtiyaclarını və dəyər təklifini müəyyənləşdirmək, uğurlu biznes modeli və startap yaratmaq istiqamətində bilik və bacarıqların formalaşdırılmasına hədəflənib.
Qeyd edək ki, yeni dövrün universitetinə transformasiyanı əsas hədəflərindən biri kimi müəyyən edən MDU-da tələbə və akademik heyət üzvlərinin hərtərəfli inkişafına xüsusi önəm verilir, startap fəaliyyətlərinin təşviqi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.