Mingəçevir Dövlət Universitetində “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin
(4SİM) icraçı direktoru Tamerlan Tağıyev 29 aprel tarixində
Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi
çərçivəsində keçirilən tədbirin qonağı olub.

Universitetdən AzerTimes-a bildirilib ki, “Dördüncü sənaye inqilabı və
rəqəmsal iqtisadiyyat” mövzusunda keçirilən görüşün moderatoru
MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti qəbul edib
tələbə və müəllim kollektivi ilə görüşdə iştirak etdiyinə görə
qonağa təşəkkürünü bildirib.

Müasir qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və
rəqəmsallaşmanın diktəedici və həlledici rolundan bəhs edən Şahin
Bayramov dövlət başçısının müvafiq Fərmanı ilə yaradılan 4SİM-in bu
sahədə ölkəmizin mövqeyinin gücləndirilməsində və aparıcı ölkələr
arasında yer almasının təmin edilməsində önəmini diqqətə çatdırıb.
Süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və informasiya
texnologiyaları sahələrində kadr hazırlığının və tədqiqatların
həyata keçirilməsinin universitetin prioritetləri sırasında yer
aldığını vurğulayan rektor 4SİM-in rəhbəri ilə görüşün tədbir
iştirakçıları üçün faydalı olacağına əminliyini bildirib.

Universitetin professor-müəllim, tələbə və məzun heyəti ilə
görüşməkdən məmnunluğunu ifadə edən 4SİM-in icraçı direktoru
Tamerlan Tağıyev son dövrdə universitetin müasirləşməsi və günün
tələblərinə uyğun kadr hazırlığı istiqamətində əhəmiyyətli
addımların atıldığını qeyd edib, “Peşəkarla görüş” layihəsini bu
baxımdan faydalı platforma kimi dəyərləndirib.

Dünya ÜDM-də rəqəmsal iqtisadiyyatın xüsusi çəkisinin təqribən
15 faiz təşkil etdiyini diqqətə çatdıran Tamerlan Tağıyev
Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində
başlıca prioritetlər və 4SİM-in fəaliyyət istiqamətləri barədə
məlumat verib. Tağıyev bu sahədə müvafiq infrastrukturun və maliyyə
resurslarının mövcudluğunun vacibliyi ilə yanaşı, rəqəmsal bilik və
bacarıqların inkişaf etdirilməsinin və müasir tələblərə cavab verən
yüksək ixtisaslı kadr hazırlığının önəmini vurğulayıb.

Gələcək hədəflərlə bağlı fikirlərini bölüşən Tağıyev rəqəmsal
iqtisadiyyatın inkişafı və sənayenin rəqəmsallaşdırılması, 4Sİ
texnologiyalarının tətbiqinin genişləndirilməsi ilə bağlı müvafiq
strategiyaların hazırlanması üzrə işlərin davam etdiyini qeyd edib
və bu istiqamətdə dövlət, özəl, elm və təhsil, vətəndaş cəmiyyəti
üzvləri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Tədbirdə Mərkəzin Təhlil və monitorinq şöbəsinin rəhbəri Mehman
Hüseynov smart sənayenin qurulması məsələləri və onun üstünlükləri
barədə məlumat verib.

Sonra görüş iştirakçıların çoxsaylı suallarının
cavablandırılması ilə davam edib.

Teqlər: