Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib (FOTO)

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin (İİF) Tələbə Elmi
Cəmiyyətinin “Elm Günü”nə həsr edilmiş “Yüksək keyfiyyətli təhsil
müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfransı
keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda
təşkil olunan konfransda fakültənin professor-müəllim heyəti
üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun İqtisadiyyat və idarəetmə
fakültəsinin dekanı Nüşabə Qədimli tələbə gənclərin karyera
inkişafında təhsillə yanaşı, elmi fəaliyyətin də mühüm rol
oynadığını vurğulayıb. Son dövrdə gənclərin hərtərəfli inkişafı,
eləcə də onların tədqiqat bacarıqlarının artırılması məqsədilə
universitetdə yaradılan imkanlardan danışan N.Qədimli tələbələrin
elmi potensialının inkişafına dəstək göstərən akademik heyət
üzvlərinə təşəkkürünü bildirib. Konfransın mövzusunun
aktuallığından bəhs edən dekan tələbələri müzakirələrdə fəal olmağa
çağırıb və onlara uğurlar arzulayıb.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr
dinlənilib.

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən
Gültəkin Musazadə “Mükəmməl təhsil qüdrətli dövlətin təzahürüdür”,
Nurlan Ağammədov “Müasir dövrdə ali təhsilin keyfiyyətli inkişafı
istiqamətləri”, Zəminə Məmmədova “Azərbaycanın beynəlxalq təhsil
məkanına inteqrasiyasında reallıqlar və perspektivlər”, Əlirza
Abdullayev “Azərbaycanda tədqiqat bacarıqlarına əsaslanan təhsil
sisteminin yeni məzmunu və inkişafı” və Fidan Rəhimli “Regionların
sosial-iqtisadi inkişafında təhsilin rolu və strateji
istiqamətləri” mövzusunda çıxış ediblər.

Daha sonra, fakültənin tələbələrindən Ləman Əliyeva və Dürdanə
Məmmədova “Müasir təhsil sistemində təlim texnologiyalarınının
tətbiqi məsələləri”, Xanımtər Vəliyeva və Gülnar Mustafayeva
“Pandemiyanın təhsil sisteminə təsiri”, Fidan Babayeva və Kənan
Mustafayev “Azərbaycanda inklüziv təhsilin inkişafı və
prioritetləri”, Gülxar Əbilova “Təhsilin iqtisadiyyatı və insan
kapitalı” və İlkin Əhədov “Təhsil sahəsində tətbiq edilən vergi
güzəştlərinin iqtisadi mahiyyəti” mövzusunda məruzələrini təqdim
ediblər.

Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla
qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq
Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini
nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd
edilir. Bununla əlaqədar olaraq, “Elm günü” çərçivəsində MDU-da
akademik heyət üzvləri və tələbələrin iştirakı ilə müxtəlif elmi
tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə
xüsusi önəm verilir.

Teqlər: