Mingəçevir Dövlət Universitetində Lütfi Zadənin 100 illiyinə həsr edilmiş elmi konfrans keçirilib (FOTO)

30 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Elm günü” çərçivəsində Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş XII elmi konfrans keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, ilk növbədə, tədbir iştirakçılarına “Elm günü” münasibətilə rektor Şahin Bayramovun təbriklərini çatdırıb. Ölkəmizdə elm sahəsinə göstərilən diqqət və qayğıdan bəhs edən A.Əliyeva dövlət başçımızın müvafiq Sərəncamına əsasən görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin respublika səviyyəsində qeyd olunduğunu və bununla əlaqədar olaraq, MDU-da dünya şöhrətli azərbaycanlı alimin zəngin elmi yaradıcılığına həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.

Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Salatın Rəhimova “Bütün zamanların elm nəhəngi olan Lütfi Zadənin elmi nailiyyətləri” mövzusunda, Fatma Mirzəzadə “Aristotel məntiqindən Lütfi Zadə məntiqinə yol” mövzusunda, Pərvin Əhmədov “Lütfi Zadə nəzəriyyələrinin praktiki tətbiqləri” mövzusunda, Alyona İsgəndərova “Qeyri-səlis məntiqin enerji sənayesində tətbiqinə ümumi baxış” mövzusunda, Fatimə Babayeva “Soft Computing” nəzəriyyəsinin tətbiqilə pilotsuz uçuş aparatlarının kompüter simulyasiyası” mövzusunda, Aidə Heydərova “İnformasiya sistemləri və texnologiyalarının inkişafında qeyri-səlis məntiqin rolu” mövzusunda çıxış ediblər.


Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və konfrans iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da “Elm günü”nə həsr edilmiş silsiləvi elmi tədbirlərin keçirilməsi davam etdirilir, görkəmli alimlərin zəngin elmi irsinin öyrənilməsi və gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

Teqlər: