2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş
keçirilib. Görüş Mərkəzin həyata keçirdiyi “Gələcək üçün
bacarıqlar” layihəsində universitetin iştirakının dəstəklənməsi
məqsədi daşıyıb.
Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov son dövrdə
universitetin modernləşməsi istiqamətində görülən işlərdən və
strateji hədəflərdən bəhs edib. MDU-nun regional innovasiya
ekosisteminin mühüm aktorlarından birinə çevrilməsinin başlıca
hədəflərdən olduğunu diqqətə çatdıran Ş.Bayramov universitetin
innovasiya potensialının inkişafı baxımından Mərkəz ilə
işbirliyinin əhəmiyyətindən danışıb və əməkdaşlığa daim açıq
olduğunu bildirib.
Görüşdə çıxış edən “İnnovasiyalar Mərkəzi”nin Layihələrin
idarəedilməsi departamentinin müdiri Şəbnəm Məmmədova “Gələcək üçün
bacarıqlar” layihəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki,
layihənin əsas məqsədi innovasiya sahəsində kadr potensialının
artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi,
innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində
tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji
inkişafında önəmli rol oynayan kəşf və ixtira sahəsinə
yönləndirilməsidir. Layihənin əsas komponentlərindən və
mərhələlərindən danışan Ş.Məmmədova bu çərçivədə əməkdaşlığın
universitet üçün faydalı olacağına əminliyini söyləyib.
Layihə menecerləri Elxan Şükürov və Kamilə Babayeva, MDU-nun
Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırovun da iştirak
etdikləri görüş universitetin layihəyə qoşulması ilə bağlı
məsələlərin müzakirəsi ilə davam edib.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
innovasiya potensialının inkişafı diqqət mərkəzində saxlanılır, bu
məqsədlə təhsilalanların və təhsilverənlərin innovasiya
fəaliyyətlərinin dəstəklənməsinə xüsusi önəm verilir.