2021-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Vətənimiz Azərbaycana həsr olunmuş ömür” mövzusunda dəyirmi masa keçirilib.
Universitetdən AzerTimes-a verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunan dəyirmi masanı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə universitetdə müxtəlif formatlı silsiləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında müstəsna xidmətlərindən danışan Ş.Bayramov onun müəllim peşəsinə daim yüksək dəyər verdiyini, vətəninə, xalqına və dövlətinə bağlı müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərdiyini qeyd edib.
İllər ötsə də titanik fəaliyyəti və misilsiz xidmətləri ilə bir ömürə sığmayan həyat yolu keçmiş dahi şəxsiyyətin zəngin irsinin tədqiqinə, öyrənilməsinə və gənc nəsilə çatdırılmasına hər zaman ehtiyac duyulduğunu vurğulayan rektor tədbirin dəyirmi masa formatında keçirilməsinin əhəmiyyətindən bəhs edib.
Sonra, MDU-nun “Humanitar fənlər” kafedrasının əməkdaşlarından baş müəllim İlham Məmmədov “Heydər Əliyev Azərbaycan istiqlalının simvoludur” mövzusunda, müəllim Ayna Babazadə “Yeni Azərbaycan ədəbiyyatında tarixi yaradan şəxsiyyət – Heydər Əliyev obrazı” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Ulu Öndərin gərgin əməyi və yüksək fədakarlığı ilə keçdiyi mübarizə yolundan, müstəqilliyimizi əbədi və dönməz edən, dövlətçiliyin əsaslarını yaradan və möhkəmləndirən, ölkəmizi dünyaya tanıdan və milli maraqlarımıza uyğun siyasət yürüdən lider olaraq Heydər Əliyevin müasir Azərbaycan dövlətinin rəmzinə çevrilməsindən, Ümummilli liderin mütərəqqi ideyaları, uzaqgörən siyasəti və liderlik keyfiyyətləri barədə yazılmış ədəbi əsərlərdən bəhs edilib.
Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər Ulu Öndərin əziz xatirəsinin daim hər birimizin qəlbində yaşayacağını bildiriblər və onun şah əsəri olan müasir Azərbaycan dövlətinin möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə əldə edilən möhtəşəm qələbələr sayəsində daha da qüdrətləndiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, MDU-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsinə xüsusi diqqət yetirilir.