2022-ci ilin 13 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Azərbaycan Respublikası Təhsil Nazirliyi və
Bakı şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunan
“Gələcəyini qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində təlimlər
keçirilib. Təlimlərə MDU-nun tələbələri və ətraf rayonların
ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri qatılıblar.
Təlimlərin açılışında layihənin koordinatoru Turan Cəfərova,
MDU-nun rektoru Şahin Bayramov, layihənin həmtəsisçisi və direktoru
Bəhruz Hidayətzadə çıxış edib.
İştirakçıları salamlayan koordinator T.Cəfərova layihə haqqında
ümumi məlumat verib, layihənin əhəmiyyətindən, gənclərin
inkişafına, düzgün karyera və ixtisas seçiminə dəstəyindən
danışıb.
Gənclər üçün belə bir faydalı təşəbbüsün reallaşdırılmasını
təqdirəlayiq hal kimi dəyərləndirən rektor Ş.Bayramov layihənin
həyata keçirilməsinə dəstək göstərən bütün tərəfdaşlara təşəkkür
edib. Universitetdə təhsilalanların hərtərəfli inkişafının diqqət
mərkəzində saxlanıldığını vurğulayan Ş.Bayramov sözügedən layihədə
MDU-nun iştirakından məmnunluğunu ifadə edib və bu çərçivədə həyata
keçirilən tədbirlərə təmsil etdiyi ali təhsil müəssisəsinin də
töhfə verəcəyinə əminliyini bildirib. Təlim iştirakçılarına uğurlar
arzulayan rektor gənclərə yeni bilik, bacarıq və təcrübələr
qazanmağa müvafiq imkanlar təqdim edən layihədən maksimum
faydalanmağı tövsiyə edib.
Əsas məqsədin yüksək bilik və bacarığa malik gənclərin həyatda
uğur əldə etmələrinə dəstək və tövhə vermək, Azərbaycan cəmiyyətinə
yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər
qazandırmaq olduğunu qeyd edən layihənin həmtəsisçisi və direktoru
Bəhruz Hidayətzadə göstərilən dəstəyə görə minnətdarlığını ifadə
edib. Həyata keçirilən tədbirlər, onların əhatə dairəsi və hədəf
qrupu haqqında məlumat verən B.Hidayətzadə layihənin dəyərlərindən,
əldə edilən nəticələrdən, gələcək fəaliyyət planından danışıb və
iştirakçılara uğurlar arzulayıb.
Tədbirin təşkilində əməyi və dəstəyi olanlara təşəkkürlərini
çatdıran MDU-nun bir qrup əməkdaşı və tələbəsi son dövrdə
universitetdə təhsilalanların və təhsilverənlərin potensialının
inkişafı üçün yaradılan şəraitdən məmnunluqlarını bildirib və
gələcəkdə sözügedən layihə çərçivəsində birgə fəaliyyətlərin bu
istiqamətdə görülən işlərə töhfə verəcəyinə inandıqlarını
söyləyiblər.
Sonra, təlimçilər, “Təhsildə İnnovativ Texnolgiyalar” Əlavə
Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımov “Uğurlu gələcək,
innovativ bacarıqlar”, ADA Universitetinin İnformasiya
texnologiyaları və Mühəndislik fakültəsinin baş müəllimi Araz
Yusubov “Elm və yaradıcılıq: yaradıcılığın alqoritmi” və təhsil
psixoloqu Hüseyn Həsənov “Məsuliyyət” mövzusunda təqdimatlarla
çıxış ediblər.
Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
tərəfdaşlarla birlikdə təhsilalanların və təhsilverənlərin
hərtərəfli inkişafına töhfə verən müvafiq layihələrin
reallaşdırılmasına xüsusi önəm verilir.