27 sentyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Anım Günü qeyd edilib. Anım Günü çərçivəsində MDU-da Mingəçevir Şəhidlər Xiyabanına ziyarət, elmi-praktiki konfrans, onlayn mühazirələr və ağacəkmə aksiyası təşkil edilib.
MDU-dan AzerTimes-a bildirilib ki, ilk növbədə, Şəhidlər Xiyabanını ziyarət edən universitetin bir qrup tələbə və müəllim kollektivi üzvü ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbr diləyiblər.
Sonra, MDU-da 27 sentyabr Anım Gününə həsr olunmuş “44 günlük Vətən müharibəsi – tariximizi və taleyimizi dəyişən Zəfər” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda universitetin şəhid məzunlarının ailə üzvləri, akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov giriş sözü ilə çıxış edib.
Şəhid ailələrini və digər konfrans iştirakçılarını salamlayan rektor möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsindən, xalqımız tərəfindən şəhidlərimizin böyük ehtiram və qürurla anılmasından bəhs edib.
Düz bir il bundan əvvəl düşmənin hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsindən danışan Ş.Bayramov məhz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, yenilməz Azərbaycan Əsgərinin rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində bu haqq savaşının ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin bərpa olunması ilə nəticələndiyini bildirib.
Qələbəmizin rəmzinə çevrilən “Dəmir yumruq” ilə erməni faşizminin başını əzən, düşmən ordusunun belini qıran və yeni tariximizin qəhrəmanlıq salnaməsini yazan igid əsgərlərimiz və zabitlərimizlə qürur duyduğunu deyən rektor torpaqlarımızın hər qarışının azadlığı naminə canından və qanından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Vətən uğrunda yüksək şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsinin ölkəmizdə diqqət mərkəzində saxlanıldığını vurğulayan rektor şəhid ailələri və qazilərimizin dövlət tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.
Otuz illik yurd həsrətinə son qoyan tarixi zəfər yürüşündə universitetin 4 əməkdaşının, 120-dən çox tələbə və məzununun iştirak etdiyini və 5 məzununun şəhdilik zirvəsinə ucaldığını diqqətə çatdıran Ş.Bayramov onların tanıdılması, əziz xatirələrinin yaşadılması, adlarının daim uca tutulması və göstərdikləri şücaətləri təbliğ edilməsi istiqamətində MDU-da görülən işlərdən söhbət açıb.
Hazırda qəhrəman vətən övladlarının qanı bahasına erməni vandalizmindən xilas olan əzəli doğma yurdlarımızın sürətlə dirçəldilməsindən bəhs edən rektor bu gün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.
Tədbirdə çıxış edən MDU-nun şəhid məzunu Kənan Abdullayevin anası Azadə Abdullayeva və Əzəmi Hüseynovun bacısı Elnarə Hüseynova qəhrəman məzunlarımızla bağlı xatirələrini bölüşüblər və onlarla qürur duyduqlarını bildiriblər.
Müharibə başlayan dövrdən bu günə qədər dövlətin yüksək diqqət və qayğısını daim hiss etdiklərini qeyd edən şəhid ailəsi üzvləri ölkə başçısına təşəkkürlərini çatdırıblar, şəhidlik məqamına yüksəlmiş övladlarının məzunu olduqları universitetdə adlarının uca tutulmasından məmnunluqlarını ifadə ediblər.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova “44 günlük Vətən müharibəsindən keçən bir il: siyasi təhlillər və tarixi vəzifələr”, baş müəllim İlham Məmmədov “Qarabağın azadlığı tarixi zərurət və milli şərəf məsələsi kimi”, müəllim Aygün Qədirova “Şəhidliyin Zəfər zirvəsinə ucalan qəhrəmanlar əbədi yaşayacaq!”, müəllim Mirzə Cavadov “44 günlük Vətən müharibəsinin ideoloji, elmi-kütləvi və ictimai-mədəni aspektləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransın işi yekunlaşdıqdan sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib, MDU-nun qəhrəman məzunları üçün yaradılan guşənin qarşısında xatirə şəkilləri çəkilib.
Anım Günü çərçivəsində keçilən tədbirlər proqramı MDU-nun professor-müəllim heyəti üzvləri tərəfindən tələbə və magistrantlar üçün “Şanlı Zəfər tariximizdən keçən bir il: mövcud reallıqlar və tarixi vəzifələr” mövzusunda “Microsoft Teams” platforması üzərindən onlayn mühazirələr təşkil edilməsi ilə sona çatıb.
Qeyd edək ki, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb.