2021-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Tarixi Zəfərdən sonra və postpandemiya dövründə Azərbaycan-Türkiyə turizm əməkdaşlığında yeni imkanlar” mövzusunda birgə elmi konfrans keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan AHBVU-nun rektoru Yusuf Tekin, ilk növbədə, iki qardaş ölkənin universitetləri arasında işbirliyindən məmnunluğunu ifadə edib. AHBVU olaraq MDU ilə hərtərəfli əməkdaşlığa daim açıq olduqlarını bəyan edən Y.Tekin uğurla davam edən birgə tədbirlərin qarşılıqlı faydalılığından bəhs edib.
Turizm təhsilinin inkişaf etdirilməsinin ikitərəfli əməkdaşlıqda əsas hədəflərdən biri olduğunu qeyd edən rektor yaxın gələcəkdə MDU ilə işbirliyinin yeni keyfiyyət səviyyəsinə yüksələcəyinə əminliyini bildirib.
Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş bölgələrə əhəmiyyətli dərəcədə artan turizm maraqlarının yeni imkanlar yaratdığını vurğulayan Y.Tekin birgə konfransın mövzusunun aktuallığını diqqətə çatdırıb. O, qardaş universitetlər arasında işbirliyinin inkişafına göstərdikləri dəstəyə görə bütün akademik və inzibati heyət üzvlərinə təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.
Açılış nitqində Türkiyənin çağdaş və yenilikçi ali təhsil müəssisələrindən biri olan AHBVU ilə işbirliyindən məmnun olduğunu qeyd edən MDU-nun rektoru Şahin Bayramov birgə təşkil edilən konfransı ikitərəfli əməkdaşlıq çərçivəsində atılan növbəti uğurlu addım kimi dəyərləndirib.
Ş.Bayramov müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin ölkəmizin yeni mərhələdə inkişafı üçün böyük imkanlar qazandırdığını diqqətə çatdırıb. Doğma Qarabağın dirçəldilməsi, eləcə də bölgənin zəngin turizm potensialının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edən rektor birgə konfransın əhəmiyyətindən bəhs edib.
Azərbaycan-Türkiyə qardaşlığının nümunələrindən biri kimi qymətləndirilə bilən universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın davamlı olmasını arzulayan rektor birgə konfransın keçirilməsində dəstəyi olan hər iki ali təhsil müəssisəsinin əməkdaşlarına, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib.
Konfransın moderatoru, AHBVU-nun professoru Azize Hassan açılış nitqlərindən sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırıb və sözü məruzəçilərə verib.
“Türkiyə ali təhsil sistemində turizm” mövzusunda çıxış edən AHBVU-nun professoru Selma Meydan Uygur turizm təhsilinin məzmunu, əhəmiyyəti və məqsədləri, Türkiyədə turizm təhsilinin tarixi inkişafı və mövcud vəziyyəti, turizm təhsilinin quruluşu və formalarından danışıb, AHBVU Turizm fakültəsinin ali təhsil proqramları, tədris planları və beynəlxalq mübadilə proqramları haqqında ətraflı məlumat verib, Turizm Tətbiq və Araşdırma Mərkəzinin fəaliyyətindən söhbət açıb.
“Covid-19 pandemiyası dövründə Türkiyə turizminə gələcək baxış” mövzusunda çıxış edən AHBVU-nun professoru Bilgehan Gülcan pandemiyadan əvvəl dünyada və Türkiyədə turizmin inkişafı, Türkiyənin qlobal turizm bazarında mövqeyi, pandemiyanın qlobal turizmə təsirləri, dəyişən turizm trendləri və Türkiyənin inkişaf planları, “Türkiyə 2023: turizm strategiyası”nın məqsəd və hədəflərindən bəhs edib. Türkiyə-Azərbaycan turizm işbirliyinin mövcud vəziyyəti haqqında danışan məruzəçi post-pandemiya dövründə turizm əməkdaşlığının inkişafında meydana çıxan yeni imkanları diqqətə çatdırıb.
“Qarabağın turizm ehtiyatları” mövzusunda çıxış edən MDU-nun müəllimi Mədinə Quliyeva əzəli yurdumuz Qarabağın zəngin turizm potensialı, işğaldan azad edilmiş bölgələrdə turizmin ekoloji, tarixi, mədəni, dağ, qış, ov, sağlamlıq və digər növlərinin inkişafı üçün mövcud imkanlar, turizm potensialının ölkə xaricində tanıdılması istiqamətində görülən təbliğati işlər və yeni turizm məhsullarının yaradılması perspektivlərindən danışıb.
“Qarabağda turizm sahəsinə investisiya qoyuluşunun prioritet istiqamətləri” mövzusunda çıxış edən MDU-nun müəllimi Cəlil Bağırov Qarabağın dirçəldilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli və irimiqyaslı işlərdən, regionun hərtərəfli inkişafında turizmin rolundan, bölgənin investorlar üçün cəlbedici olan turizm imkanlarından, turizm sektoruna xarici investisiyaların təşviq edilməsindən və digər məsələlərdən bəhs edib.
Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim olunan suallar ətraflı cavablanırılıb.
Sonda yekun nitqi söyləyən MDU rektorunun müşaviri Hamiz Mahmudov və AHBVU Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan və yüz əllidən çox iştirakçının qatıldığı faydalı elmi konfransın təşkilinə göstərdikləri dəstəyə görə hər iki universitetin rəhbərliyinə və məruzəçilərə təşəkkür ediblər.
Qeyd edək ki, MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri 2021-ci ilin mart ayında qurulub. Sözügedən əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər iki universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə ortaq konfransların keçirilməsi nəzərdə tutulub.