2021-ci ilin 9-10 dekabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) “Education HUB”-ın təşkilatçılığı ilə Avropa İttifaqı Gənclər üçün Proqramı çərçivəsində Bakı şəhərində keçirilən “Formal və qeyri-formal təhsildə (sosial) sahibkarlıq təhsili” mövzusunda konfransda və “(Sosial) sahibkarlığın öyrənilməsi” mövzusunda seminarda təmsil olunub.
MDU-dan AzerTimes-a bildirilib ki, Sözügedən konfrans və seminarda MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Cəlil Bağırov və Sənayenin təşkili və idarəedilməsi kafedrasının müəllimi Saqib Məmmədov iştirak ediblər.
İki gün müddətində davam edən konfrans və seminar çərçivəsində xarici və yerli ekspertlər tərəfindən gənclərlə iş sahəsində, peşə və ali təhsil müəssisələrində sahibkarlıq təhsili, bu istiqamətdə kurrikulumların hədəf qrupa uyğunlaşdırılması, kurrikulumların tətbiqinin gücləndirilməsi və təsirin ölçülməsi, sahibkarlığın tədrisi modelləri və digər mövzularda məruzələr edilib, iştirakçılar arasında müzakirələr və təcrübə mübadiləsi aparılıb, müvafiq simulyasiya oyunları həyata keçirilib.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə gənc əməkdaşların müvafiq beynəlxalq və yerli layihələr çərçivəsində keçirilən və onların hərtərəfli inkişafına töhfə verilməsinə hədəflənən tədbirlərdə fəal iştirakına xüsusi önəm verilir.