2021-ci ilin 18 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə və magistrantı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Türyançay Dövlət Təbiət Qoruğunda (TDTQ) ekskursiyada olublar.
Mingəçevir Dövlət Universitetindən AzerTimes-a verilən məlumata görə, ekskursiya Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial Engineering for Climate Change Adoptation of Coastal Ecosystems” – GEOCLIC) layihəsi çərçivəsində baş tutub.
Ekskursiya zamanı, əvvəlcə, TDTQ-nın rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən Qoruğun direktoru Zülfüqar Cəfərov universitetin ekskursiya təşəbbüsünü təqdirəlayiq hal kimi qiymətləndirib.
TDTQ haqqında ətraflı məlumat verən Z.Cəfərov rəhbərlik etdiyi dövlət təbiət qoruğunun yaranması, tarixi və əsas fəaliyyət istiqamətlərindən danışıb, burada qorunan və Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən müxtəlif nadir flora və fauna növlərindən bəhs edib, gələcəkdə görülməsi planlaşdırılan işlərdən söhbət açıb.
Səmimi qarşılanmaya, yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirən MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova universitetdə dayanıqlı inkişafın əsas elementlərindən biri olan ekologiya sahəsində kadr hazırlığının və elmi tədqiqatların həyata keçirildiyini diqqətə çatdırıb.
Tələbə və müəllimlərin ekskursiyadan mühüm fayda qazanacaqlarına əminliyini ifadə edən T.Yusibova bu cür təşəbbüslərin davamlı olmasını arzulayıb.
Sonra, ekskursiya çərçivəsində MDU-nun Fizika və ekologiya kafedrasının baş müəllimi Qərib Abdullayev tərəfindən “İqlim dəyişikliklərinin yaranma səbəbləri və ətraf mühitə təsiri” mövzusunda seminar keçirilib və geniş müzakirələr aparılıb.
Daha sonra, MDU-nun ekskursiya heyəti TDTQ-nin sahə müfəttişi və digər əməkdaşlarının bələdçiliyi ilə qoruğun ərazisinə baş çəkib, burada qorunan nadir bitki və heyvan növləri ilə tanış olub və ağac əkiblər.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilalanların dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə xüsusi önəm verilir.