Mingəçevir Dövlət Universiteti kollektivi Mingəçevir Sukanal idarəsinə ekskursiya edib

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin
Fizika və ekologiya kafedrasının əməkdaşları, Ekologiya və
Ekologiya mühəndisliyi ixtisasları üzrə təhsil alan bir qrup tələbə
və magistrantı “Azərsu” ASC-nin tabeliyində fəaliyyət göstərən
“Birləşmiş Sukanal” MMC-nin Mingəçevir Sukanal idarəsində
ekskursiyada olublar.

Universitetdən AzerTimes-a bildirilib ki, ekskursiya Avropa İttifaqının
“Erasmus+” proqramı çərçivəsində reallaşdırılan “Sahil
ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan
mühəndisliyi üzrə yeni kursları” (“New Courses in Geospatial
Engineering for Climate Change Adaptation of Coastal Ecosystems” –
GEOCLIC) layihəsi çərçivəsində baş tutub.

Ekskursiya çərçivəsində idarənin və universitetin kollektiv
üzvlərinin iştirakı ilə elmi-praktiki seminar təşkil olunub.
Seminarda MDU-nun Fizika və ekologiya kafedrasının dosenti Pərvanə
Səfərova “Su hövzələrinin çirklənməsi və su hövzələrinin
təmizlənməsi”, magistrant Cavid Abbasov “Çirkab sularının ozon ilə
təmizlənməsi” mövzusunda çıxış edib və müzakirələr aparılıb.

Daha sonra, MDU-nun ekskursiya heyəti idarənin istehsalat
bölmələri və laboratoriyası ilə tanış olublar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsinə, təhsilalanların
dünyagörüşlərinin, praktiki bilik və bacarıqlarının artırılmasına
töhfə verən müvafiq infoturların və ekskursiyaların təşkilinə
xüsusi önəm verilir.

Teqlər: