2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) 40 nəfərdən artıq heyət üzvü Ağdamda səfərdə
olublar. Ağdamı ziyarət edən heyətdə universitetin əməkdaşları,
tələbə və magistrantlar, şəhid məzunların ailə üzvləri və MDU
İctimai Nəzarət Şurasının üzvləri təmsil olunublar.
Səfər çərçivəsində universitet heyəti Ağdam Şəhidlər xiyabanını
ziyarət edib, Ağdamda Ermənistan tərəfindən işğal dövründə
dağıdılmış yaşayış binaları, dini, mədəni və tarixi abidələr, o
cümlədən İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı kənd məscidi
və Şahbulaq qalası ilə tanış olublar.
Şahbulaq qalasında universitetin tələbə gənclərinin və
əməkdaşlarının təqdimatında Qarabağa həsr olunan musiqi və şeir
parçaları səsləndirilib.
Səfərlə bağlı təəssüratlarını bölüşən MDU kollektivi üzvləri
doğma yurdların işğaldan azad olunmasından və sürətlə
dirçəldilməsindən qürur duyduqlarını bildirib, bu sonsuz sevinc və
fəxarət hisslərini xalqımıza bəxş edən Müzəffər Ali Baş
Komandanımıza və Qəhrəman Azərbaycan Əsgərinə minnətdarlıqlarını
ifadə ediblər.
Səfər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, səfər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
dəstəyi ilə Bərdə-Ağdam avtobus marşrutu ilə həyata keçirilib.
Səfər müddətində universitet heyəti Qarabağ iqtisadi rayonuna daxil
olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təyin edilən
bələdçilər tərəfindən müşayiət olunub.