Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin Yıldız Texniki Universiteti arasında əməkdaşlıq inkişaf edir (FOTO)

2021-ci iln 18 iyun tarixində Türkiyənin Yıldız Texniki Universitetinin (YTU) rektoru Tamer Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətilə Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov iştirak ediblər.

Görüşdə universitetlər arasında tələbə və müəllim mübadiləsi, birgə araşdırma mərkəzinin yaradılması, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın potensial istiqamətləri barədə ətraflı müzakirələr aparılıb, üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi ilə bağlı potensial imkanlar yüksək qiymətləndirilib, müvafiq təkliflər nəzərdən keçirilib.

Görüş çərçivəsində AzTU və YTU arasında beynəlxalq təhsil əməkdaşlığı üzrə anlaşma memorandumu imzalanıb.

Daha sonra, MDU və YTU arasında Mevlana Mübadilə Protokolu imzalanıb. Sənəd növbəti tədris ilində universitetlər arasında tələbə, müəllim və inzibati heyət üzvlərinin mübadiləsini nəzərdə tutur.

Məlumat verildiyi kimi, YTU ilə MDU arasında əlaqələrin əsası 2021-ci ilin mart ayında rektor Ş.Bayramovun qardaş ölkəyə səfəri çərçivəsində əməkdaşlıq protokolunun imzalanması ilə qoyulub. Hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın yaradılmasını nəzərdə tutan protokol tələbə və müəllim mübadiləsini, ortaq mühazirələrin təşkilini, birgə tədqiqatların aparılmasını, qısamüddətli akademik proqramların həyata keçirilməsini və digər məsələləri əhatə edir.
Qeyd edək ki, hazırda sürətlə modernləşən MDU-da Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən olan YTU ilə, eləcə də yüksək maddi-texniki bazaya və akademik potensiala malik olan AzTU ilə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verilir. Növbəti mərhələdə, sözügedən universitetlər arasında üçtərəfli formatda da əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Teqlər: