2021-ci ilin 3 may tarixindən etibarən Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup tələbəsi və gənc müəllimi Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) İqtisadi və idari bilimlər fakültəsində bakalavriat səviyyəsində tədris olunan onlayn dərslərə qoşulublar.
“Google Meet” platforması üzərindən keçirilən dərslərdə iştirak edən MDU-nun tələbə və akademik heyət üzvləri AHBVU-nun dosenti Cemalettin Aktepenin “Beynəlxalq biznes” və “Beynəlxalq ticarətə giriş” fənləri üzrə mühazirələrini dinləyiblər.
“Beynəlxalq biznes” fənni üzrə keçirilən mühazirə dərsində iqtisadi inteqrasiya proseslərinin mahiyyəti, obyektiv şərtləri, məqsədləri və əhəmiyyəti haqqında ətraflı məlumat verilib. İqtisadi inteqrasiyanın fərqli xüsusiyyətlərindən və çoxtərəfli tənzimlənməsi mexanizmlərindən bəhs edən C.Aktepe Türkiyənin inteqrasiya proseslərində iştirakının mövcud vəziyyətindən və perspektvlərindən danışıb.
“Beynəlxalq ticarətə giriş” fənni üzrə keçirilən mühazirə dərsində xarici ticarət siyasətinin mahiyyəti, məqsədləri və formalarından bəhs edilib. İdxal-ixrac əməliyyatlarının tənzimlənməsinin tarif və qeyri-tarif vasitələri haqqında məlumat verən C.Aktepe xarici ticarət siyasəti alətlərinin tətbiqinin iqtisadi nəticələri və səmərəliliyi məsələlərinə toxunub.
Mühazirələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Cari ilin may ayı ərzində “İnvestisiya layihələrinin qiymətləndirilməsi”, “Marka idarəetməsi” və “İqtisadi araşdırma texnikası” fənləri üzrə AHBVU-nun təcrübəli professorları tərəfindən keçirilən növbəti onlayn dərslərdə iştirak nəzərdə tutulub.
Qeyd edək ki, MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri 2021-ci ilin mart ayında qurulub. Sözügedən əməkdaşlığın əsas istiqamətlərindən biri kimi yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə MDU-nun tələbə və gənc müəllimlərinin AHBVU-da tədris olunan onlayn dərslərə qoşulması imkanları yaradılıb.