2021-ci ilin 3 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq, rektor universitetə tələbələrin cəlb edilməsi işinin təşkili haqqında məlumat verib, ötən il ərzində universitetin tanıtımı və abituriyentlər arasında təbliğatı istiqamətində görülən genişmiqyaslı işlərdən danışıb. Ali təhsil müəssisələri arasında rəqabətin davamlı artdığını qeyd edən rektor universitetin cəlbediciliyinin yüksəldilməsi məqsədilə struktur bölmələrin üzərinə düşən vəzifələrin müasir dövrün tələblərinə uyğun daha səmərəli və çevik həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırıb, müvafiq tövsiyə və göstərişlər verib.
İclasda “MDU-da bakalavr və magistrlərin karyera inkişafının təmin edilməsi vəziyyəti və təcrübələrin təşkili haqqında” hesabat dinlənilib. Tədris şöbəsinin müdir müavini Ü.Zeynalov tərəfindən təqdim olunan hesabatda Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə MDU-da həyata keçirilən “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsinin icra vəziyyəti, pandemiya şəraitində mövcud qaydalara uyğun olaraq təcrübələrin təşkili məsələləri barədə məlumatlar öz əksini tapıb. Müzakirələrdən sonra rektor karyera məsləhətçiliyi və məzunların işlə təminatı sahəsinə diqqətin daha da artırılması ilə bağlı müvafiq göstərişlər verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.
Sonra, “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları” müzakirəyə edilib. Qaydaların universitetdə elmi fəaliyyətin stimullaşdırılması məqsədilə müvafiq mükafatlandırma mexanizmini özündə ehtiva etdiyi bildirilib. Sözügedən sənəd Şura üzvləri və universitetin struktur bölmə rəhbərləri tərəfindən böyük sevinclə qarşılanıb və bəyənilib.
Eyni zamanda, iclasda Bakı Mühəndislik Universiteti və Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsi üzrə ikili diplom proqramında MDU tələbələrinin də iştirak imkanları, qaydaları diqqətə çatdırılb və məlumatın müvafiq fakültənin tələbələri arasında yayılmasına dair tapşırıqlar verilib.
İclas akademik borcu olan tələbələrin öz təhsillərini normativ təhsil müddətində başa vurmasına şərait yaradılması üçün fərdi qrupların yaradılması, əmək haqqı ödnişləri mexanizminin təkmilləşdirilməsi və digər cari məsələlərin müzakirəsi ilə davam edib.