2021-ci ilin 7 iyul tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
2020/2021-ci tədris ilinin uğurla başa çatması münasibəti ilə Şura üzvlərini təbrik edən rektor cari tədris ilinin ölkəmizdə olduqca əlamətdar hadisələrin baş verməsi, Azərbaycan tarixinin möhtəşəm, şanlı səhifələrinin yazılması, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində tarixi zəfərin qazanılması ilə yadda qaldığını diqqətə çatdırıb.
Tədris, elm, idarəetmə, beynəlxalq əməkdaşlıq, tələbələr və məzunlarla iş, sosial fəaliyyət və digər istiqamətlərdə universitetdə əldə edilən nailiyyətlər haqqında ətraflı məlumat verən Ş.Bayramov pandemiya şəraitində cari tədris ilində tədrisin davamlılığının təmin edilməsini, müxtəlif elm sahələri üzrə bir qrup universitet əməkdaşının elmi dərəcələrə və elmi adlara layiq görülməsini, universitetin Tələbə Gənclər Təşkilatının “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsini, Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasını, Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin yaradılmasını, “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının təsis edilməsini xüsusi olaraq vurğulayıb.
İclasın gündəliyinə uyğun olaraq, “MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi haqqında” məlumat verən rektor universitetin strateji hədəflərinin uğurla reallaşmasında professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətin, habelə tələbə və magistrantların qəbul edilmiş müvafiq normativ-hüquqi sənədlər çərçivəsində tələb və tövsiyə olunan qaydalara riayət etməsinin önəmindən bəhs edib. Yaz semestrinin yekunlaşdığını və payız semestrinə hazırlıq işlərinə başlanıldığını xatırladan Ş.Bayramov qarşıda dayanan vəzifələr, görüləcək işlərin qrafiki və funksional bölgüsü ilə bağlı müvafiq tapşırıqlarını verib.
Sonra, “2020/2021-ci tədris ilində MDU Elmi Şurasının qərarlarının icra vəziyyəti haqqında” hesabat dinlənilib. Müzakirələrdən sonra rektor qərarların daha operativ və səmərəli icrası ilə bağlı müvafiq göstərişlərini verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.
Cari məsələlərə baxılması ilə davam edən iclasda növbəti tədris ilində dərs yükünün bölünməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, tədris-metodiki vəsaitlərin yenilənməsi, elmi məqalələrin sayının artırılması, professor-müəllim heyətinin İKT bacarıqlarının inkişaf etdirilməsi, yeni ixtisasların yaradılması üçün müvafiq bazanın formalaşdırılması və digər məsələlər müzakirə edilib.