Ağcabədi. Trend:
Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Elməddin Mirzəyev Bərdə-Ağdam dəmir yolu xəttinin minalardan təmizlənməsi zamanı minaya düşüb.
Elməddin Mirzəyev AzerTimes-a açıqlamasında bildirib ki, 15 illik iş təcrübəsinə baxmayaraq, ermənilərin quraşdırdığı ölüm dəzgahının qurbanı olub:
“İki gözümü, bir ayağımı itirdimsə, deməli minadan anlayışı olmayan bir insan üçün bu daha təhlükəlidir. Bu səbəbdən də heç kim o ərazilərə icazəsiz getməyə cəhd etməsin. Çünki minaaxataranlar o yerləri məhz canı bahasına təmizləməyə çalışır”.
Elməddin Mirzəyev əlavə edib ki, ermənilər ərazilərimizi ağlagəlməz şəkildə minalayıb: “Sanki minaları xalça kimi yerə döşəyiblər. Sürpriz minaların sayı-hesabı yoxdur. İnsan sadəcə dəhşətə gəlir”.
Qeyd edək ki, Elməddin Mirzəyev yanvarın 29-da minaya düşüb, bir ayağını və iki gözünü itirib.