Minatəmizləmə əməliyyatlarının icrası üçün şəxsi heyətin sayı artırılır

Xəbər - Çingiz Səfərli – Trend:

Minatəmizləmə əməliyyatlarının vaxtı-vaxtında və dəqiqliklə icra edilməsi üçün şəxsi heyətin mərhələli şəkildə artırılması davam edir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə 239 nəfər yeni müdavim təlim və akkreditasiyadan keçərək, əməliyyatlara cəlb olunub. Bu il üzrə də sahə işçi heyətinin sayının artırılması nəzərdə tutulub və inanırıq ki, daha böyük miqyasda ərazilərin təmizlənmisinin öhdəsindən gələcəyik.

Maddi-texniki bazanın genişləndirilməsi istiqamətində xüsusi təyinatlı minatəmizləmə maşınları, maqnetik-lokator və detektorlar, minaaxtaranın alət çantası, həmçinin qoruyucu geyim dəstlərinin sayı artırılıb. Ötən il imzalanan müqavilələrə əsasən 2022-ci ildə də Azərbaycana əlavə texnika və avadanlıqların gətirilməsi planlaşdırılır.

Minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub. Marşal İrsi İnstitutu (MLİ) ilə memorandum imzalandı, 2023-cü ilədək ANAMA-ya 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub. Bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib. Qeyd edim ki, xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir.

Teqlər: