Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
AzerTimes-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:
– “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
– Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu onun balansına verilən dövlət əmlakı hesabına formalaşdırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Agentlik dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– beynəlxalq təcrübə nəzərə alınmaqla “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
XXX
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan (bundan sonra – minalardan və hərbi sursatdan) təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) və digər fərqləndirici nişanı vardır.
1.6. Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, qısaldılmış halda – ANAMA;
1.7.2. ingilis dilində tam halda – Mine Action Agency of the Republic of Azerbaijan, ingilis dilində qısaldılmış halda – ANAMA.
1.8. Agentlik Bakı şəhərində yerləşir.
2. Agentliyin fəaliyyət istiqamətləri
2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.4. müvafiq sahədə təhlil və proqnozlaşdırma işlərini təşkil etmək;
2.1.5. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini həyata keçirmək;
2.1.6. müvafiq sahədə fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirmək.
3. Agentliyin vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.3. dövlət orqanlarının və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini, həmçinin onların müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini təmin etmək;
3.1.5. müvafiq sahədə elektron məlumat bazası yaratmaq;
3.1.6. minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış əraziləri nişanlamaq, həmin ərazilərin, eləcə də minalardan və hərbi sursatdan təmizlənmiş ərazilərin xəritələrini tərtib etmək və elektron məlumat bazasına daxil etmək;
3.1.7. müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, proqnozlaşdırmanı həyata keçirmək;
3.1.8. minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalması ehtimal edilən ərazilərdə axtarış işlərini təşkil etmək;
3.1.9. əhalinin minalardan və partlamamış hərbi sursatdan zərərçəkmə riskinin minimuma endirilməsi məqsədilə tədbirlər görmək;
3.1.10. aidiyyəti dövlət orqanlarının və qurumlarının müraciəti əsasında Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş minaların və hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdiriməsini təmin etmək;
3.1.11. Azərbaycan Respublikası ərazisində keçmiş sovet ordusunun yerləşdiyi hərbi hissə, obyekt və poliqon ərazilərinin, həmçinin onların ətrafının minalardan və hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini təşkil etmək;
3.1.12. hərbi obyektlərdə baş vermiş partlayış fəsadlarının aradan qaldırılmasında iştirak etmək, onların yerləşdiyi ərazilərin partlamış hərbi sursatın qalıqlarından təmizlənməsini, partlamamış hərbi sursatın (kimyəvi silah istisna olmaqla) müvəqqəti saxlanılmasını, daşınmasını və zərərsizləşdirilməsini aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə təmin etmək;
3.1.13. minatəmizləmə fəaliyyətinin monitorinqini aparmaq, bu fəaliyyətin beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun və təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək;
3.1.14. minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə aidiyyəti dövlət orqanlarına və qurumlarına təhvil vermək;
3.1.15. Azərbaycan Respublikasının ərazisində həyata keçirilən minatəmizləmə fəaliyyətinə müqavilə əsasında fiziki və hüquqi şəxsləri cəlb etmək, qanunla nəzərdə tutulduğu halda onları akkreditasiyadan keçirmək;
3.1.16. Agentlik, habelə aidiyyəti dövlət orqanları və qurumları minatəmizləmə fəaliyyətinə bu Nizamnamənin 3.1.15-ci yarımbəndində nəzərdə tutulmuş şəxsləri cəlb etdiyi halda minalardan və partlamamış hərbi sursatdan təmizlənmiş əraziləri həmin şəxslərdən minatəmizləmə işinin keyfiyyətlə tamamlanmasına dair sənədlərlə birlikdə təhvil almaq;
3.1.17. zərər çəkmiş əməkdaşlarının reabilitasiyası və reinteqrasiyası ilə bağlı müvafiq tədbirlər görmək;
3.1.18. müvafiq sahədə əhalinin maarifləndirilməsi üçün tədbirlər görmək;
3.1.19. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üzrə mütəxəssislər hazırlanmasını təşkil etmək;
3.1.20. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.21. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.22. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.23. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.24. Agentliyə ayrılan dövlət büdcəsi vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.25. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.26. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.27. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
3.1.28. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.29. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək;
3.1.30. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.5. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.6. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.7. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.9. beynəlxalq və yerli əməkdaşlıq çərçivəsində müqavilə əsasında ödənişli və ya ödənişsiz təlimlər keçirmək;
3.2.10. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;
3.2.11. əməkdaşlarının peşə biliklərinin artırılması məqsədilə onların beynəlxalq təlimlərdə, təlim-məşq toplanışlarında və digər tədbirlərdə iştirakını təşkil etmək;
3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.13. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.15. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. Agentliyin idarə olunması
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 (iki) müavinindən ibarətdir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.
4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.5.1. təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.5.2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyən etmək;
4.5.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4.5.4. Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) məbləğini təsdiq etmək, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
4.5.5. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.6. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.9. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.5.11. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.5.12. Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə Agentliyin aktivləri ilə bağlı əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə mənfəətinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul etmək;
4.5.14. Agentliyin fəaliyyətini təşkil etmək;
4.5.15. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
4.5.16. bu Nizamnamənin 3.1.24-cü yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.17. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.5.18. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.19. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
4.6. İdarə Heyətinin iclasları ayda iki dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.7. İdarə heyətinin üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.8. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.9. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.10. İdarə Heyətinin sədri:
4.10.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.10.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.10.3. öz təşəbbüsü və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.10.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;
4.10.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.10.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.10.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.10.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;
4.10.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.10.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.10.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.10.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.10.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.10.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.10.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.10.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.
4.11. İdarə Heyətinin üzvləri:
4.11.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.11.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.11.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;
4.11.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.11.5. İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.12. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. Agentliyin ilkin nizamnamə fondu 100 000 (yüz min) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.
5.6. Agentliyin xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. Agentlikdə uçot və hesabat
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. Agentliyin yenidən təşkili və ləğvi
Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.