Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Bakı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

AzerTimes-ın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, eləcə də Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak edib.

Azad edilmiş torpaqlarda mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə həftəlik hesabatlar dinlənilmiş, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub.

Aidiyyəti qurumlar tərəfindən qarşıya qoyulmuş plana əsasən bir neçə infrastruktur, nəqliyyat, həmçinin torpaq sahələrinin minalardan təmizlənməsi işləri başa çatdırılıb və aidiyyəti üzrə təhvil verilib. Eləcə də, minatəmizləmə fəaliyyətinin səmərəli şəkildə davam etdirilməsi məqsədilə bu sahədə birgə humanitar minatəmizləmə standardlarını əsas tutaraq qurumlararası təlimlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.


İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas prioritetlər və verilən tapşırıqlar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün aidiyyəti qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə effektiv şəkildə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində, vahid bir strategiya ilə fəaliyyət göstərilməsinin təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Teqlər: