Minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycan tərəfinə verilməməsi ən böyük cinayətdir – Könül Nurullayeva

Ermənistan işğal dövründə olduğu kimi, postmünaqişə dövründə də terror siyasətinə sadiqdir. Bu terrorun qurbanı olanlar arasında artıq media mənsubları da var. Beynəlxalq media təşkilatları Ermənistana təzyiq göstərməlidir. Şəhid olan jurnalistlərimiz öz tarixi torpaqlarında peşə fəaliyyətini yerinə yetirərkən bu terrorun qurbanı olub. Çox təsirli məqamlardan biri şəhid olan media nümayəndələrindən birinin kiçik yaşlarından məcburi köçkün həyatı yaşamasıdır. 3-4 yaşlarından öz dədə-baba yurdundan didərgin düşən bir soydaşımız qələbə sevincini yenicə yaşasa da yenidən erməni terroruna tuş gəldi və həyatını itirdi. Eynilə də digər şəhidlərimiz. Bu insanlar peşə vəzifələrini yerinə yetirirdilər, işğalın ağır nəticələrini foto və video lentə köçürürdülər.

Bu ərazilərdən reportaj hazırlamaq istəyən beynəlxalq media nümayəndələri də əslində ciddi təhlükə qarşısındadır. Onalr da erməni terrorunun qurbanı ola bilərlər. Yəni, Ermənistana təzyiq göstərmək üçün arqumentlər kifayət qədərdir. Minalanmış ərazilərin xəritəsinin hələ də Azərbaycan tərəfinə verilməməsi ən böyük cinayətdir. Burada söhbət artıq humanitar cinayətdən gedir. Əgər bu xəritə təqdim olunmasa, mina qurbanlarının sayı dəfələrlə artacaq. Ermənistan bu cinayətlərə görə cavab verməlidir.

Məsələ burasındadır ki, bir neçə gün əvvəl Kəlbəcər istiqamətində ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Amma paradoks bundadır ki, beynəlxalq təşkilatlar terrorçu diversantları “hərbi əsir” kimi təqdim edərək, onların azad olunmasını tələb edir. Amma bu terrorçuların azad olunmasdı bölgədə terrorun miqyasının daha da genişlənməsinə rəvac verir.

Artıq rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət də göndərib. Ermənistan faktiki beynəlxalq səviyyədə öhdəliklərini yerinə yetirməməklə Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının, eləcə də 1 saylı və 4 saylı Protokolunun müvafiq maddələrindən irəli gələn hüquqlarını ciddi şəkildə pozur.

Minalanmış ərazilərin müəyyən hissəsinin zərərsizləşdirilməsinə baxmayaraq, böyük bir ərazi təhlükə zonası kimi qalır. Növbəti mərhələdə keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması məsələsi var. Ona görə də bu ərazilər təmizlənməli, təhlükəsizlik tam təmin olunmalıdır.

Könül Nurullayeva
Milli Məclisin deputatı

Teqlər: