Minalanmış ərazilərin xəritəsini verməmək ermənilərin təcavüzkar ruhundan irəli gəlir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistan bu günə qədər minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə verməyib. Çünki xislətləri, mahiyyətləri budur. Çünki təcavüzkar ruhdan, vicdansız təfəkkürdən azad ola bilmirlər. Çünki bunlar pislik üçün, qan üçün, terror üçün, insanlıqdan uzaq hərəkətləri realizə eləmək üçün yaranıblar.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Ermənistan hakimiyyəti və onun başında duranlar hələ də anlamırlar ki, atdıqları hər səhv addım, yürütdükləri hər yanlış siyasət onların öz əleyhinə işləyir, öz başlarında çatlayır: “Yəqin, anlasaydılar, ziyanın yarısından da olsa geri qayıtmağı bacarar, barı, bundan sonra normal istiqamət götürərdilər. Amma yox. Dəyişməyiblər. Dəyişmirlər. Dəyişmək niyyətində deyillər. Həmin terroristlərdir, həmin təcavüzkarlardır, həmin təxribatçılardır. Üstəlik, görünən budur ki, naqis düşmənlə bağlı gələcəyə nəzərən də xoş proqnoz yoxdur və bu gedişlə nə zamansa olması da şübhə altındadır. Azərbaycan əzəli torpaqlarını geri qaytarıb. Öz gücünə. Ali Baş Komandan və qəhrəman əsgərlərimizin şücaəti sayəsində. Müharibə bitib. Bəzi əsirlər dəyişdirilib. Hətta erməni xalqı da bu həqiqət və reallıqla barışıb ki, Azərbaycan məhz öz əzəli torpaqlarını geri qaytarıb. Yaxşı bəs belə olan halda Ermənistan hakimiyyətinin məqsədi nədir? Niyə minalanmış sahələrin xəritəsini vermirlər? Həmin ərazilərdə insanlar həlak olarkən Paşinyanlar, Koçaryanlar, Sarqsyanlar zövqmü alırlar? Nədir bu düşüncə? Nədir bu məntiq? Nədir bu vandalizmin səbəbi? Bir daha deyirəm. Müharibə oldu və bitdi. Hər kəs də kimin nəyə qadir olduğunu gördü. Azərbaycan güclüdür və qalibdir. Ermənistan da məlum reallıqla barışmalı, öz terrorist düşüncəsindən daşınmalı və insanlığa zidd əməllərə son verməlidir”.

Teqlər: