Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın həyatını təhlükədən xilas etmək deməkdir – Vüqar Rəhimzadə

Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının əraziləri üzrə mina xəritələrinin əldə edilməsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətinin növbəti əyani təzahürü, Azərbaycan diplomatiyasının daha bir uğurudur. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. Bundan əvvəl isə iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələr Azərbaycan tərəfinə verilmişdi. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edən, beynəlxalq hüququn və ədalətin mövcudluğunu Ermənistana, 30 ilə yaxın dövrdə ona havadarlıq edib imitasiya naminə danışıqların aparılmasına, işğalçı ölkəyə vaxt qazandırmağa dəstək olan dövlətlərə sübut edən Azərbaycan hər bir məsələni bu prinsiplər əsasında, eyni zamanda, əldə olunan razılaşmalara uyğun həll etməkdə israrlı olduğunu atdığı qətiyyətli addımları ilə təsdiqləyir. Ölkələrarası münasibətlərdə güc və beynəlxalq hüquq əsas amil olduğunu nəzərə alan dövlətimiz bütün sahələr üzrə güclənir, həmçinin 30 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra başlanan bərpa və quruculuq işlərinin sürətini artırmaq üçün beynəlxalq hüquq çərçivəsində bu ərazilərin mina xəritələrini Ermənistandan tələb edir. Azərbaycan dövləti hər fürsətdə 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış işğalçı Ermənistana və onun havadarlarına israrla xatırladır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da bu tələblər öz əksini tapıb. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, həmçinin üçtərəfli Bəyanatı imzalayan tərəf kimi Rusiyanın təşəbbüsü ilə mina xəritələrinin Azərbaycana verilməsi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsini, regionda davamlı sülhün, təhlükəsizliyin təmin edilməsində birgə səylərini də nümayiş etdirir.

Bu fikirləri AzerTimes-a “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsini, məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək: “Məlundur ki, Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin həyata keçirildiyi bölgə Füzuli rayonudur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bütün yol-nəqliyyat infrastrukturunun mühüm strateji əhəmiyyət kəsb edən bu rayondan keçdiyi də məlum həqiqətdir. Bu baxımdan Zəngilan rayonunun ərazisinin də minalardan təmizlənməsi böyük strateji əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, “ağıllı kənd” layihəsi ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində icra ediləcək. Layihə üzrə kənddə ilkin olaraq 200 evin tikilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev “ağıllı kənd” layihəsinə start verilməsini Qarabağa Böyük Qayıdışın başlanması kimi dəyərləndirir. Bu baxımdan şübhə yoxdur ki, Zəngilan rayonunun mina xəritəsinin verilməsi “ağıllı kənd” layihəsinin əhatə dairəsini genişləndirəcək.”

Baş redaktor mina xəritələrinin Azərbaycana verilməsinin ölkəmiz üçün iqtisadi əhəmiyyətini də xüsusi qeyd edib: “Bu xəritələnin əldə edilməsi ölkəmizə böyük məbləğdə vəsaitə qənaət etməyə, həmin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Minaların axtarılması, yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, böyük maliyyə vəsaiti tələb edən prosesdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər lazımdır. Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərə nail olmaq üçün bütün imkanları mövcuddur. Dayanıqlı iqtisadi inkişaf maliyyə imkanlarının artmasını təmin edir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin mina xəritələrinin əldə edilməsi maliyyə itkilərinin qarşısını almaqla yanaşı, digər mühüm layihələrin icrasına da dəstək olacaq.”

V.Rəhimzadə bir daha diqqətə çatdırıb ki, möhtərəm Prezidentimizin vurğuladığı kimi, istədiyimizə nail olmuşuq və yeni dövr – quruculuq, torpaqlarımızın bərpası dövrü başlayıb: “44 günlük Vətən müharibəsi Ermənistan üçün dərs olmalıdır. Nəhayət, Ermənistan rəhbərləri başa düşməlidirlər ki, Azərbaycana qarşı zaman-zaman davam edən düşmənçilik siyasətləri onlara çox baha başa gəldi. Bu düşmənçilik, Azərbaycan xalqına nifrət onları çıxılmaz labirintə saldı və son nəticədə haqq-ədalət öz yerini tapdı. Artıq Ermənistan dərk edir ki, regionda yaranmış yeni reallıqlarla barışmadan, gələcəyə baxmaqdan, mövcud imkanlardan bəhrələnərək düşdüyü ağır vəziyyətdən xilasını təmin etməkdən başqa yolu yoxdur.”

Teqlər: