Xəbər - Elçin Mehdiyev – Trend:
Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılan 92 min minanın xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi və Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, xəritələrin əldə edilməsi azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsinə imkan verəcək:
“Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin oraya qayıtması üçün ən birinci əngəl mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə kifayət mina basdırıb. Rəqəmlərdən göründüyü kimi Ağdam, Füzuli və Zəngilan ən çox minalanmış ərazilərdir.
Həmin minaların təmizlənməsi uzun vaxt və böyük vəsait tələb edir, eyni zamanda insanların təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Bu günə qədər 40-a yaxın şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub, 140-dan çox insan yaralanıb. Eyni zamanda mina təmizləmə işləri ilə məşğul olan insanların həyatına ciddi təhlükələr var idi. Bu baxımdan mina xəritələrinin əldə edilməsinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, insan itkilərinin qarşısı alınacaq, mina təmizləmə işləri xəritələr üzrə aparılacaq ki, bu da həm işin sürətli, həm də təhlükəsiz qaydada təşkilinə imkan verəcək”.
A.Həsənova əlavə edib ki, mina xəritələri əldə edilmiş ərazilər strateji əhəmiyyətə malikdir: “44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanıldı. Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə həyata keçirilir və eyni zamanda Füzulinin strateji əhəmiyyət kəsb edir çünki bütün yol-nəqliyyat infrastrukturu bu ərazidən keçir. Füzulidə beynəlxalq hava limanının tikintisi həyata keçirilir. Bu baxımdan mina xəritələrinin əldə edilməsi bütün bu işlərin daha sürətli şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Deputat vurğulayıb ki, Azərbaycan Vətən müharibəsində qələbəsini diplomatik müstəvidə də davam etdirir: “Azərbaycan ilk gündən mina xəritələrinin verilməsi ilə bağlı düzgün siyasət və təbliğat işləri apardı, bununla bağlı məsələni əhatəli şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənilər onlarda mina xəritələrinin olmasını nə qədər inkar etməyə çalışsalar da bunu bacarmadılar, Azərbaycan düzgün siyasət aparıb ermənilərin bu yalanını ifşa edərək mina xəritələrini əldə etdi. Bu da ümumilikdə regionun təhlükəsizlik və firavanlıq, əməkdaşlığın genişləndirilməsi, həmin ərazilərdə yerli və beynəlxalq səviyyəti layihələrin həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır”.