Bu gün baş vermiş faciədə iki media işçisinin həlak olması hamımızı dərindən kədərləndirdi. Azərbaycanın dəfələrlə Ermənistandan minalanmış ərazilərin xəritələrinin verilməsini tələb etməsinə baxmayaraq, Ermənistan bu xəritələri verməkdən imtina edir.
Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova təəssüflə qeyd edib ki, Azərbaycanın minalanmış ərazilərin xəritələri ilə bağlı müxtəlif səviyyələrdə dünya ictimaiyyətinə ünvanladığı müraciətlər geniş anlamda dəstək almır, dünya ictimaiyyəti, insan hüquqları ilə bağlı təsisatlar təxribatçı ölkəyə heç bir təziq göstərmir: “Ermənistanın bu addımı beynəlxalq humanitar qanunlara, qəbul edilmiş beynəlxalq sənədlərə, xüsusilə, BMT-nin 1980-ci ildə qəbul etdiyi Adi Silahlara dair Konvensiyaya əlavə olunmuş 1 nömrəli Protokoluna, eləcə də Ottava Razilşmasına ziddir. Bu gün baş verən faciəyə görə mina xəritələrilə bağlı Ermənistana təzyiq göstərməyən dövlətlər, təşkilatlar da Ermənistan qədər məsuliyyət daşıyırlar. Bu ağır faciədən sonra beynəlxalq jurnalist təşkilatları, media institutları, media təsisatları məsələ ilə bağlı açıq mövqe ortaya qoymalıdırlar, susmamalıdırlar”.
S.Mikayılova onu da qeyd edib ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular İkinci Qarabağ Müharibəsinin bitməsindən sonra, yəni 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatın imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Rəsmi mənbələrə əsasən, Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35.000-dən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. Minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir:
“Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə mülki şəxsləri, jurnalistləri hədəf alır, jurnalistlərin fəaliyyətini məhdudlaşdırmağa çalışır. Eyni zamanda, Ermənistan bu yolla həmin ərazilərin dinc sakinlərinin öz doğma el-obalarına qayıtmalarını çətinləşdirməyə çalışır.
Bu dəhşətli faciədən sonra Ermənistana ciddi təzyiqlər göstərilməlidir. Dünya dövlətləri, eləcə də aidiyyəti beynəlxalq təşkilatlar bu məsələyə sukutla yanaşmamalıdır. Minalanmış ərazilər mülki vətəndaşlarımız üçün təhlükə mənbəyi olaraq qalır. Minalanmış ərazilrərin dəqiq xəritəsini Azərbaycan tərəfinə təqdim etməməklə Ermənistan bölgədə humanitar vəziyyəti gərginləşdirməkdə davam edir.
Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı humanitar böhran vəziyyətini dərinləşdirdiyinə görə və mülki əhalini hədəfə aldığına görə hüquqi prosedurlar başlanmalıdır”.