“MilliÖn”də vəsait balansa yüklənmirsə, nə etmək lazımdır? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

MilliÖn terminalları vasitəsilə BakıKart ödəmə kartlarına vəsait
yüklədikləri zaman bəzən vətəndaşlar problemlə üzləşirlər. Belə ki,
ödəniş təsdiq edildiyi zaman sistemdə donmalar yaranır və vəsait
balansa yatırılmır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “MilliÖn” Müştəri Xidmətləri
bölümünün rəhbəri Ülviyyə Əfəndiyeva bildirib ki, vətəndaşın
kartına yatırılmayan vəsait istənilən halda həmin şəxsə geri
qaytarılır. O, bildirib ki, ancaq ilk öncə terminalların üzərində
olan qaynar xətt ilə əlaqə saxlamaq lazımdır:

“MilliÖn terminalı vasitəsi ilə əməliyyat aparan müştərinin
kartına pul köçürülmə zamanı xəta baş verərsə, ilk növbədə
terminalın üzərində olan qaynar xətlə əlaqə saxlanılmalıdır.
Xətalar müxtəlif səbəbdən ola bilər, müştərinin özü ucbatından,
yaxud texniki nasazlığa görə. Problemlə üzləşən şəxs qaynar xətlə
əlaqə saxlayıb xəta haqqında bildirsə, vəsaitin müxtəlif yollarla
ona geri qaytarılması mümkündür. Əgər müştəri MilliÖn ofisindən çox
uzaqdadırsa və ya kiçik vəsaitə görə ofisə gəlmək istəmirsə, vəsait
onun kommunal və ya digər ödənişlərinə yönləndirilə bilər”.

Müştəri Xidmətləri rəhbəri əlavə edib ki, müştəri pulu yerində
də bərpa edə bilər. Bunun üçün o kartı oxucuya qoymadan terminalda
BakıKart bölümünə girməli, bərpa et düyməsini sıxıb daha sonra
kartı oxucuya qoymalıdı. Bu zaman vəsait onun balansına bərpa
olunur və bu barədə müştəriyə qəbz də verilir.

Teqlər: