Xəbər - Elçin Mehdiyev – Trend:
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Proqramının təsdiqlənməsi ilə qarşıdakı 10 ildə – 2030-cu ilə qədər ölkəmizin inkişafı üçün əsas prioritetlər müəyyənləşdi. Bu sənəd milli maraqlar və strateji planlamanın vəhdətidir. Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərp etdikdən sonra regionda yeni reallıqlar yaranıb:
“Bu səbəbdən Azərbaycan öz inkişafını bu reallıqlar fonunda davam etdirəcək. Bu mənada mili maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələr müəyyənləşdirir. İlk növbədə 30 ilə yaxın davam edən münaqişənin tarixə qovuşması regionda təhlükəsizliyin təmin olunmasını şərtləndirir. Bu isə Cənubi Qafqaz regionunda qarşılıqlı-faydalı əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar deməkdir.
Tarixi ərazilərimizin azad olunması ilə ölkəmizin bütöv inkişafı üçün yeni sosial-iqtisadi əsaslar formalaşıb. Bu gün yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq üçün strateji planlamaya ehtiyac var. Bu mənada milli prioritetlər proqramı dövlətin daha da inkişafını, cəmiyyətin rifahının artmasını təmin edəcək”.
Deputat qeyd edib ki, ümumiyyətlə, Azərbaycan hər zaman regionun aparıcı ölkəsi olub:
“Regionumuzla bağlı olan bütün qlobal layihələrin əsas təşəbbüskarı məhz Azərbaycandır. Sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi bu gün Azərbaycanda inkişafın davamlılığı üçün bütün zəruri potensial mövcuddur. Yeni inkişaf mərhələsində ən önəmli məsələlərdən biri – Böyük Qayıdış sayəsində soydaşlarımızın öz tarixi torpaqlarında dayanıqlı məskunlaşması təmin ediləcək.
Təbii ki, dövlət yeni ərazilərdə əhalinin yüksək rihafının təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirəcək. Regionların tarazlı inkişafının təmin olunması əsas vəzifələrdən biridir. Təbii ki, bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılıb. Azad olunmuş ərazilərimizdə də bu mənada iqtisadi aktivliyin daha da artırılması, bütün resursların iqtisadi dövriyyəyə cəlb edilməsi ilə doğrudan da Qarabağ Azərbaycanın yeni iqtisadi drayverinə çevrilə bilər”.