Milli Parkda qanunsuz balıq ovlayanlar saxlanılıb

Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

Onu da bildirək ki, Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə cari ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Teqlər: