Milli Məclisin vitse-spikeri: 3 qüvvə mənə qarşıdır

Milli Məclisin vitse-spikeri: 3 qüvvə mənə qarşıdır

“5-ci kolon” barədə son geniş müsahibəm radikal müxalifətə, onların xaricdəki söyüşçül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib mənə qarşı şər və böhtan kampaniyasına başlayıblar.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Adil Əliyev qeyd edib.

O bildirib ki, hücum edənlərin “texnologiyalarında” yeni heç nə yoxdur, şər və böhtanla mənim və ailə üzvlərimin üzərinə gəldiklərini düşünürlər:

“Deməli, xaricdən və buradan idarə olunan və dövləti hədəf alan qruplar tərəfindən maliyyələşən internet kanallar onlara ötürülən “qonaqların” dili ilə mənim və ailə üzvlərimin isimlərini hallandıraraq olmayan hadisələr barədə saatlarla müzakirələr aparırlar. Dövləti və milləti düşünən kəs və internet kanal məni deyil, mənim müsahibəmdəki mesajları müzakirə edər, inkişafa mane olan mövzular ətrafında fikir mübadiləsi aparar. Onların buna marağı yoxdur.

Mən və yaxınlarım prezidentin və dövlətin siyasətinə sadiqik, çalışdığımız vəzifələrdə məmləkətimizin milli və təhlükəsizlik maraqlarına xidmət edirik, buna qarşı çıxanlarla isə mübarizəmizi davam etdiririk. Prezident iyulun 25-də bir neçə rayona icra hakimi təyin edərkən məmurları bir daha xəbərdar etdi, rüşvətə bulaşanların, torpaq satanların sonunun olmadığını xatırladı. Cənab Prezidentin atdığı bütün addımlarda olduğu kimi bu mübarizədə də dövlət başçısının yanındayıq. Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolon”a və kolonun başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır. Kimlərlə mübarizə apardığımızın fərqindəyik, bunu bizə qarşı müxtəlif istiqamətlərdən şər və böhtan kampaniyasının təşkli də göstərir. Nəticə verməyəcək, çünki biz çoxluqdayıq və onlara qarşı mübarizədə 1990-cı illərin əvvəllərindəki anarxiyanın təkrarlanmasını istəməyən və xarici qüvvələrin əlində alət olmaq istəməyən xalqa arxalanırıq!”

Teqlər: