Milli Məclisin sədri üç ölkənin parlament nümayəndələri ilə görüşüb (FOTO)

Milli Məclisin sədri Sahibə Qafarova mayın 23-də Azərbaycan,
Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin
Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə
görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a
bildirilib ki, Sahibə Qafarova üç dost və qardaş ölkə
parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclasının
Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək bu görüşlərin
ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafına
yeni töhfə verəcəyini deyib.

Bildirilib ki, üç ölkə arasında müxtəlif sahələri əhatə edən çox
səmərəli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı yaranıb. Bu
münasibətlər regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi
inkişafa kömək edir.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan, Türkiyə və
Gürcüstan xalqları arasında möhkəm tarixi bağlılıq, dostluq və
qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də
Gürcüstan ilə çox möhkəm təməllər üzərində qurulmuş münasibətləri
var. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi
dialoq dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə
ardıcıllıqla dəstəklənməkdədir. Nüfuzlu beynəlxalq qurumlarda biz
həmişə həmrəylik nümayiş etdirir və bir-birimizin mövqeyini müdafiə
edirik. Sahibə Qafarova deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan
qlobal əhəmiyyətə malik, irimiqyaslı enerji və nəqliyyat
layihələrinin həyata keçirilməsində də uğurlu əməkdaşlıq
edirlər.

Milli Məclisin sədri parlamentlər səviyyəsində əməkdaşlıqdan
danışarkən, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisin sədri
Mustafa Şentopun İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirakını və
tədbirdə iştirak edən parlament sədrlərinin, nümayəndə heyəti
başçılarının Şuşaya səfərlərini xatırladıb. O, bu ilin aprel ayında
Gürcüstana rəsmi səfəri zamanı burada keçirdiyi görüşləri, aparılan
danışıqları yüksək dəyərləndirib. Üç ölkə parlamentlərinin Xarici
əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının
əhəmiyyətini bir daha vurğulayan S.Qafarova belə bir tədbirin
işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın mədəniyyət paytaxtı
Şuşada keçirilməsini müsbət dəyərləndirib.

Bildirilib ki, uzun müddət işğal altında qalmış ərazilərimizdə
Ermənistan tərəfindən bütün şəhər və kəndlər dağıdılıb, tarixi,
mədəni və dini obyektlər vandalizmə məruz qalıb.

Milli Məclisin sədri Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş
naziri arasında keçirilən görüşlərdən də danışıb. Bildirilib ki,
Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli,
məsələyə konstruktiv yanaşma sərgiləməlidir. Postmünaqişə dövründə
Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Heç şübhə
etmirik ki, bu imkanlardan istifadə bölgəyə sülh və əmin-amanlıq
gətirəcək.

Görüşdə çıxış edən Gürcüstan parlamentinin Xarici əlaqələr
komitəsinin sədri Nikoloz Samxaradze ölkəmizə səfərindən və burada
keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki,
belə tədbirlər regional əməkdaşlıq və parlamentlərarası
münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. O,
parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətini
yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov üç ölkə
parlamentinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş
iclası barədə danışıb, müzakirə olunan məsələlər barədə fikirlərini
bölüşüb.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin
sədri Akif Çağatay Kılıç tədbirin ölkəmizin işğaldan azad olunmuş
Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki,
Türkiyə Azərbaycanı həmişə dəstəkləyib. İki ölkə liderlərinin Şuşa
görüşü bunun bariz nümunəsidir. İnanırıq ki, tezliklə regionda
davamlı sülh və sabitlik yaranacaqdır. Türkiyəli qonaq
parlamentlərin Xarici əlaqələr komitələrinin üç tərəfli
görüşlərinin gələcəkdə də davam etdirilməsinin mövqelərin
tutuşdurulması baxımından əhəmiyyətini vurğulayıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.

Teqlər: