Xəbər - Elçin Mehdiyev – Trend:
Sankt-Peterburqda səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda Beynəlxalq konfransda çıxış edib.
Milli Məclisdən AzerTimes-a bildirilib ki, konfrans Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunub.
Tədbirdə öz çıxışında Azərbaycan parlamentinin Sədri Sahibə Qafarova öncə koronavirus pandemiyası şəraitində də aktuallığını qoruyan terrorizm və şiddətli ekstremizm probleminə həsr olunmuş beynəlxalq konfransın keçirilməsinə görə MDB PA-nın və digər təşkilatların rəhbərliyinə minnətdarlıq ifadə edib.
Milli Məclisin Sədri hazırda bütün dünya ictimaiyyətinin səylərinin yeni infeksiyaya qarşı mübarizə kimi mürəkkəb problemin aradan qaldırılmasına səfərbər olunduğuna diqqət çəkərək vurğulayıb ki, XXI əsrin qlobal təhdid və çağırışlarının iqlim dəyişikliyi, silahlı qarşıdurmalar, şiddətli ekstremizm, terrorizm və onun kiberterrorizm, bioterrorizm kimi təhlükəli növləri COVİD-19-un yayıldığı şəraitdə çox böyük təhlükə mənbəyidir.
Xanım Sahibə Qafarova Beynəlxalq konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan pandemiyanın ilk günlərindən etibarən yeni koronavirus infeksiyasına qarşı mübarizənin ön cərgəsində olub, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində maliyyə yardımı göstərib, həmçinin dünyanın 30-dan çox ölkəsinə yeni virus infeksiyasının qarşısının alınması üçün müxtəlif vasitələrlə humanitar yardımlar edib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib.
Milli Məclisin Sədri bildirib ki, dünya dövlətlərinin diqqətinin son illərdə ən ciddi böhrana səbəb olan pandemiyaya yönəlməsinə baxmayaraq, terrorizmə və şiddətli ekstremizmə qarşı mübarizə qlobal gündəmin ən aktual məsələlərindən biri olaraq qalır. Spiker əmin olduğunu qeyd edib ki, terrorizmə və şiddətli ekstremizmə qarşı mübarizənin vacib istiqamətlərindən biri silahlı münaqişələrin nizamlanmasıdır.
Sahibə Qafarova konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, pandemiya fonunda dünya ölkələrinin koronavirusla bağlı yaranmış vəziyyətdən çıxış yolu axtarmaq üçün birləşməyə başladığı dövrdə, beynəlxalq ictimaiyyətin bütün dünyada atəşkəs çağırışları etməsinə baxmayaraq, Ermənistan ötən ilin yayında və sentyabrında yenidən Azərbaycana qarşı hərbi təxribatlara əl ataraq yeni ərazilər işğal etməyə cəhd göstərdi. Şəhərlərimiz, kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə, ballistik raketlərdən bombardmana məruz qaldı, bu da hərbçilər və mülki əhali arasında böyük itkilərə səbəb oldu.
Azərbaycan parlamentinin Spikeri məlumat verib ki, həmin dövrdə Ermənistan tərəfindən planetin müxtəlif guşələrindən olan terrorçular – Suriyadan, Livandan, hətta Avropa dövlətlərindən etnik ermənilər münaqişə zonasına gətirildilər.
Milli Məclisin Sədri xatırladıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan layiqli cavab verdi, ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Biz işğal olunmuş ərazilərimizi təxribatçı qruplardan, silahlı dəstələrdən, terrorçulardan təmizləməyə nail olduq. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan və təəssüf ki, yerinə yetirilməsi mexanizmi istifadə olunmayan 4 qətnaməsini faktiki olaraq özümüz yerinə yetirdik. Keçən il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri arasında üçtərəfli bəyanat imzalandı.
Sahibə Qafarova konfrans iştirakçılarına məlumat verib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri aparılır. Bununla belə, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdn imtina edir. Minaların partlaması nəticəsində həm hərbçilər, həm də mülki şəxslər həlak olublar. Əgər Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etsəydi, beynəlxalq hüquqa uyğun o bunu etməliydi, müharibədən sonrakı dövrdə bu itkilər olmaya bilərdi. Bununla əlaqədar Azərbaycan beynəlxalq təşkilatlara müraciət edib. Sahibə Qafarova beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.
Parlamentin Spikeri konfransda bir mühüm məsələyə də diqqət yönəldib. Bildirib ki, beynəlxalq sabitliyi zəiflədən amilləri aradan qaldırmaq, terrorizm və şiddətli ekstremizm risklərinin qarşısını almaq üçün bütünlükdə beynəlxalq ictimaiyyət tərəfindən yeni strateji kursun işlənib hazırlanması vacibdir. Həmin kurs ikili standartları istisna etməli, bəzi dövlətlərin beynəlxalq hüququn təməl prinsipləri və normaları ilə açıq ziddiyyət təşkil edən, həmçinin beynəlxalq təhlükəsizliyi və digər dövlətlərin suverenliyini təhlükə altında qoyan metod və vasitələrdən istifadə etmək cəhdlərini əngəlləməlidir.
Terrorizmə qarşı mübarizənin mühüm aspektlərindən bəhs edən Spiker Sahibə Qafarova deyib ki, ekstremizmə və terrorizmə qətiyyətlə “yox” deyərək biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq kimi dəyərlərin təbliğinə xüsusi diqqət yetirməliyik. Axı, ayrı-seçkilik, ksenofobiya, antisemitizm kimi təhlükəli meyllərin bəşər tarixində qlobal fəlakətlərə səbəb olduğu hamımıza yaxşı məlumdur.
Çıxışının sonunda terrorizmə və ekstremizmə qarşı mübarizədə hüquq normaları və qanunvericilik aktları yaradan parlamentarların töhfəsinin mühüm əhəmiyyətini qeyd edən Spiker Sahibə Qafarova hazırkı konfransda terrorizmlə və ekstremizmlə mübarizə məsələlərinin müzakirəsinə yaradılan imkanı müsbət qiymətləndirib və konfrans iştirakçılarına uğurlar diləyib.