Milli Məclisin sədri Sahibə Qafarova Albaniyanın Baş naziri ilə görüşüb (FOTO)

Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Albaniyanın Baş naziri Edi Ramanın başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən AzerTimes-a bildirilib ki, qonağı səmimiyyətlə
salamlayan Milli Məclisin sədri bildirib ki, bu səfər Azərbaycan
ilə Albaniya arasında yaxın dostluq münasibətlərinin göstəricisidir
və ölkələrimizin bütün sahələrdə əlaqələri inkişaf etdirməyə hazır
olduğunu sübut edir.

Spiker Sahibə Qafarova bu səfərin qarşılıqlı münasibətlərin daha
da möhkəmlənməsinə və genişləndirilməsinə yeni təkan verəcəyinə
inamını ifadə edib. Bildirib ki, gələn il ölkələrimiz arasında
diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur,
səfirlərimiz iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün çox
işlər görürlər.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan və Albaniya dost və
tərəfdaş ölkələrdir, ikitərəfli münasibətlərimiz uğurla inkişaf
edir. Transadriatik boru kəməri kimi layihələrin həyata
keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək
də bunun bariz sübutudur.

İki ölkənin münasibətlərinin inkişafında yüksək səviyyəli
səfərlərin və görüşlərin əhəmiyyətindən danışan Sahibə Qafarova
Azərbaycanla Albaniya arasında iqtisadi əlaqələrin, ticarət
dövriyyəsinin artırılmasının vacibliyini qeyd edib. Diqqətə
çatdırıb ki, bu gün iqtisadi əməkdaşlığın inkişafı və qarşılıqlı
ticarətin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Milli Məclisin sədri münasibətlərimizin dərinləşməsində
parlamentlərin rolunu vurğulayıb. Bu sahədə əlaqələrin inkişafında
qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sahibə Qafarova
deputatlarımızın beynəlxalq parlament təşkilatları çərçivəsində
təmsil olunmasından və səmərəli qarşılıqlı fəaliyyət göstərməsindən
məmnunluğunu bildirib, dostluq qruplarının fəaliyyətini təqdir
edib.

Söhbət zamanı spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində
əldə etdiyi böyük Qələbə haqqında məlumat verərək, bildirib ki,
Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında
saxlanılan 20 faiz ərazisini azad edərək ərazi bütövlüyünü bərpa
edib. Ölkəmiz bununla bir sıra beynəlxalq təşkilatların qəbul
etdikləri sənədlərin, həmçinin BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsinin icrasını özü həyata keçirib.

Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında
saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan
edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Sahibə Qafarova qeyd
edib ki, hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına
qayıtması üçün sürətli bərpa işləri aparır. Burada
kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün
regionun inkişafına təkan verəcəkdir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan xalqı tolerant
xalqdır və ölkəmiz multikultural dəyərlərə sadiqdir. Azərbaycan
münasibətlərin normallaşdırılması üçün Ermənistana 5 maddədən
ibarət təkliflər irəli sürüb. Artıq qarşı tərəfdən müsbət siqnallar
alınmaqdadır. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh
müqaviləsi imzalanacaq, regionda davamlı sülh və sabitlik bərqərar
olacaq. Biz müharibədən deyil, sülhdən danışmaq istəyirik.

Qonaqpərvər münasibətə görə minnətdarlığını ifadə edən
Albaniyanın Baş naziri Edi Rama ölkəsinin Azərbaycan Respublikası
ilə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. O,
Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin Albaniyada
müsbət dəyərləndirildiyini diqqətə çatdırıb.

Albaniya nümayəndə heyətinin tərkibinə deputatların da daxil
olduğunu deyən qonaq, parlamentlər arasında qanunvericilik
sahəsində əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi
barədə fikirlərini bölüşüb. Bildirib ki, Albaniya BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi həmişə Azərbaycanı dəstəkləyib.

Baş nazir iki ölkə arasındakı qarşılıqlı münasibətlərin bundan
sonra da inkişaf edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də
fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Albaniya
ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar
Əliyev, Azərbaycanın Yunanıstanda və Albaniyada səfiri Anar
Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Teqlər: