Xəbər - Elçin Mehdiyev – Trend:
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İkinci Ümumi Konfransının açılış mərasimində çıxış edib.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Milli Məclisin Sədri bildirib ki, bu gün biz çətin bir dövr yaşayırıq. Dünya birliyi terrorizm, mütəşəkkil cinayətkarlıq, insan və narkotik ticarəti, qaçqın və məcburi köçkün problemləri, yoxsulluq, iqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar kimi ciddi təhdidlərlə qarşılaşır. COVID-19 problemi beynəlxalq ictimaiyyət üçün gözlənilməz bir sınaq idi və bəşəriyyət bu pandemiyaya qarşı mübarizədə bütün gücünü toplamalı oldu. Azərbaycan COVID-19-a qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olmuşdur. Ötən il Azərbaycan Prezidenti Türk Şurası zirvəsinin, Qoşulmama Hərəkatının zirvəsinin və BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bir daha Azərbaycanın beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyini nümayiş etdirir.
Milli Məclisin Sədri qeyd edib ki, dünya ictimaiyyətinin üzləşdiyi çətinliklər artdıqca, onları həll etmək üçün daha təsirli və rasional yanaşmalar tapmalıyıq. Parlamentlər hərtərəfli əməkdaşlıq sayəsində bu baxımdan vacib rol oynayır və parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin bəşəriyyət üçün əhəmiyyəti artır.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Respublikası uğurlu regional inteqrasiya proseslərinin davamlı inkişafı təmin etmək və firavan cəmiyyətlər qurmaq üçün rasional bir yol olduğuna inanır. İnteqrasiya prosesləri millətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə yol açır: “Bu mənada, İqtisadi Əməkdaşlıq Təşkilatı geosiyasi baxımdan əhəmiyyətli bölgələrin ölkələrini bir damın altına toplayır. Beləliklə, aramızdakı inteqrasiya proseslərinin gücləndirilməsi bu bölgələrin zəngin təbii ehtiyatlarının, nəqliyyat imkanlarının və intellektual potensialının daha səmərəli istifadəsinə kömək edəcəkdir. İnteqrasiya, eyni zamanda sülhü, sabitliyi, təhlükəsizliyi, dialoqu və tərəqqini gücləndirəcək və zamanın çağırışlarına ümumi yanaşmamızı formalaşdıracaqdır”.
Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa həmişə böyük diqqət yetirib. Təxminən 3 ay əvvəl, 4 mart tarixində Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılan İƏT Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalandı. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlindən gələni edəcəkdir.
Ölkəmizin inteqrasiyanın, regional və qlobal layihələrin həyata keçirilməsində birgə səy göstərməyin tərəfdarı olduğunu diqqətə çatdıran Sahibə Qafarova qeyd edib ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı ilə üz-üzə qalsa da, uğurlu regional layihələrin həyata keçirilməsinə nail olmuş, enerji təhlükəsizliyinin təmin edilməsində və enerjinin Avrasiya məkanına çatdırılma marşrutlarının şaxələndirilməsində mühüm tərəfdaşa çevrilmişdir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini qeyd etmək yerinə düşər. 31 dekabr 2020-ci il tarixdə başlanan digər bir əhəmiyyətli layihə Cənub Qaz Dəhlizidir. 3500 km uzunluğunda olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastruktur layihələrindən biridir. Belə böyük uğur ölkələr arasında nümunəvi inteqrasiyanın yaradılması sayəsində mümkün olmuş və Ermənistan öz işğalçılıq siyasəti ilə prosesi əngəllədiyi bir şəraitdə Azərbaycan bu inteqrasiyanı yaratmağı bacarmışdır.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bu gün isə artıq işğal yoxdur. Keçən il Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün öz hərbi-siyasi vasitələrindən istifadə edərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən və 30 il ərzində kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan tamamilə azad edərək, öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistanı 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Spiker Sahibə Qafarova bildirib ki, qardaş Türkiyə müharibə dövründə Azərbaycana siyasi və mənəvi dəstək verən ilk ölkə olmuşdur. Həmçinin müharibənin birinci və ikinci günlərində qardaş Pakistan və Əfqanıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirərək, Ermənistanı işğala son qoymağa çağırdılar. Milli Məclisin Sədri bu dəstəklərinə görə onlara dərin minnətdarlığını ifadə edib, Azərbaycanın ədalətli müharibəsində bizə dəstək olan dövlətlərə Milli Məclis adından təşəkkür edib.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını açıq şəkildə əks etdirir. Ermənistan bölgədəki nəqliyyat kanallarının təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetirməlidir. Bu kontekstə Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə, eləcə də Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhliz də daxildir. Bu, bölgədəki nəqliyyat sektoru üçün yeni imkanlar yaradacaq Zəngəzur Dəhlizidir.
O, daha sonra diqqətə çatdırıb ki, Azərbaycan regional layihələrin iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərində iştirakı və bu təşəbbüslərə verdiyi töhfə sayəsində Azərbaycan Respublikası Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycan artıq daxili nəqliyyat infrastrukturunu Lazurit nəqliyyat dəhlizi ilə əlaqələndirib və indi Zəngəzur Dəhlizini reallaşdıraraq çoxtərəfli əməkdaşlıq üçün daha geniş imkanlar yaradır.
Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan Ermənistan işğalından azad etdiyi ərazilərimizin bərpası üçün genişmiqyaslı proqramlara başlayıb. Bu sahədə hələ çox işlər görülməlidir. Təəssüf ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan ediblər. Həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib. Bərpa işində bir çox ölkələrdən, əsasən bizə dost ölkələrdən olan şirkətlərin də iştirak etdiyini bildirən Spiker İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də orada iştirakının əhəmiyyətli olduğunu deyib.
Çıxışının sonunda Milli Məclisin Sədri parlament diplomatiyasının regional əməkdaşlığın gücləndirilməsində əhəmiyyyətli rolunu bir daha vurğulayaraq diqqətə çatdırıb ki, parlamentlər arasında sıx əlaqələrin yaradılması ölkələri bir-birinə daha da yaxınlaşdırır. Parlament diplomatiyası dövlətlərarası dialoqun və xalqlar arasında dialoqun demokratik bir forması, həmçinin təsirli bir əməkdaşlıq vasitəsi olduğunu sübut edib.
Milli Məclisin Sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının təqdim etdiyi dialoq formatının xalqlarımız və dövlətlərimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfələrini verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.