Milli Məclisin sədri Sahibə Qafarova aprelin 27-də ölkəmizdə
səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə
görüşüb.
Milli Məclisdən AzerTimes-a bildirilib ki, spiker qonağı
salamlayaraq, Gürcüstanın xarici işlər nazirinin bu vəzifədə ilk
səfərini ölkəmizə etməsinin münasibətlərimizin yüksək səviyyədə
olmasının daha bir göstəricisi olduğunu bildirib, səfərin
ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını
ifadə edib.
Milli Məclisin sədri bu il ölkələrimiz arasında diplomatik
əlaqələrin yaradılmasının 30-cu ildönümü olduğunu vurğulayaraq,
qeyd edib ki, əlaqələrimiz uğurlu inkişaf yolu keçib və strateji
tərəfdaşlıq münasibətlərimiz möhkəm təməllər üzərində qurulub.
Azərbaycan və Gürcüstanın iki mehriban qonşu və dost ölkələr olaraq
siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq
etdiyini bildirən Milli Məclisin sədri vurğulayıb ki, əlaqələrimiz
regional sabitlik və əməkdaşlığa da mühüm töhfələr verir.
Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında
qanunverici orqanlarımızın mühüm rol oynadığını qeyd edərək, cari
il aprelin 19-20-də Gürcüstan Respublikasına rəsmi səfərini və
səfər çərçivəsində keçirilən görüşləri xatırladıb. O, deyib ki,
parlamentlərimiz arasında münasibətlər həm ikitərəfli, həm də
çoxtərəfli formatda inkişaf etdirilir. Hər iki ölkənin
qanunvericilik orqanlarında dostluq qrupları var və nümayəndə
heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq
şəraitində fəaliyyət göstərirlər. Parlament komitələrinin işi
vasitəsilə ali qanunvericilik orqanları arasında münasibətləri daha
da dərinləşdirmək üçün geniş imkanlar var. Bu baxımdan, Azərbaycan,
Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr
komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox
faydalıdır.
Milli Məclisin sədri ölkəmizin Vətən müharibəsində əldə etdiyi
qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış vəziyyət,
işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və
quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşması istiqamətində atılan addımlar barədə məlumat
verib.
Səmimi görüş üçün minnətdarlığını bildirən Gürcüstanın xarici
işlər naziri İliya Darçiaşvili Azərbaycana səfəri çərçivəsində
keçirdiyi görüşlər barədə məlumat verərək, aparılan danışıqların
məhsuldar olduğunu diqqətə çatdırıb. O, ölkəsinin Azərbaycanla
münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və
ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin
daha da inkişafının zəruriliyini diqqətə çatdırıb.
İliya Darçiaşvili əlaqələrimizin dərinləşməsində parlamentlərin
özünəməxsus rol oynadığını söyləyib. O, Milli Məclis sədrinin
Gürcüstana səfərini yüksək qiymətləndirib və ümidvar olduğunu
bildirib ki, bu səfər əlaqələrimizin daha da inkişafına töhfə
verəcək.
Gürcüstanın xarici işlər naziri regionda sülh və təhlükəsizliyin,
əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq,
qeyd edib ki, onun ölkəsi sülhpərvər siyasət həyata keçirir.
Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.