Milli Məclisin sədri Gürcüstanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri
çərçivəsində aprelin 19-da bu ölkənin Baş naziri İrakli Qaribaşvili
ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a bildirilib ki, Baş nazir İrakli Qaribaşvili Sahibə
Qafarovanı və parlament nümayəndə heyətinin üzvlərini ölkəsində
salamlamaqdan məmnunluğunu bildirib. O, Azərbaycan-Gürcüstan
strateji tərəfdaşlıq münasibətlərinin, dostluq əlaqələrinin
müxtəlif sahələrdə inkişafının təqdirəlayiq olduğunu qeyd deyib.
Bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji
tərəfdaşlıq səviyyəsinə çatmasının əsası xalqlarımızın böyük
liderləri Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən
qoyulub.

Baş nazir onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı
xahiş edib. Bildirib ki, Prezident İlham Əliyev ölkəsinin ərazi
bütövlüyünü bərpa etmiş lider kimi böyük hörmətə layiqdir.

İrakli Qaribaşvili parlamentlərarası əlaqələrin inkişafının
əhəmiyyətindən söhbət açaraq, nümayəndə heyətlərinin qarşılıqlı
səfərlərinin əlaqələrimizi daha da gücləndirdiyini deyib. O, iki
ölkənin həyata keçirdiyi birgə layihələrin davam etdirilməsinin
vacibliyini qeyd edib.

Baş nazir Gürcüstan, Türkiyə və Azərbaycan üçtərəfli
əlaqələrinin inkişafından da danışıb, bu əlaqələrin daha da
gücləndirilməsini dəstəklədiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfərindən
məmnunluğunu bildirib. O, Azərbaycan parlamentinin spikeri kimi
Gürcüstana ilk rəsmi səfəri olduğunu və bu səfərin ölkələrimiz
arasında münasibətlərin daha da inkişafına xidmət edəcəyinə inamını
bildirib.

Parlamentin sədri Azərbaycanla Gürcüstan arasındakı
münasibətlərin möhkəm təməl üzərində qurulduğunu, bu il diplomatik
əlaqələrimizin 30 illiyinin tamam olacağını bildirib. O,
müstəqillik illərində Azərbaycan və Gürcüstan arasında
münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini,
ölkələrimiz arasında həyatın müxtəlif sahələrində sıx əməkdaşlığın
mövcudluğunu söyləyib.

Azərbaycan parlamentinin spikeri yüksək səviyyəli səfərlərin və
görüşlərin ikitərəfli münasibətlərin inkişafında müstəsna rolunu
vurğulayıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Gürcüstana, Gürcüstan tərəfinin, o cümlədən
Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana
qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib. O, Baş nazir İrakli
Qaribaşvilinin də ötən ilin mayında ölkəmizə rəsmi səfərini, onunla
Milli Məclisdəki görüşünü məmnunluqla xatırlayıb.
Milli Məclisin spikeri iqtisadi sahədəki əlaqələrin əhəmiyyətindən
danışaraq bildirib ki, hazırda Azərbaycanla Gürcüstan arasında
siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən
çoxsaylı sənədlər imzalanıb. O, qeyd edib ki, Azərbaycan
Gürcüstanın əsas ticarət tərəfdaşlarından və investorlarından
biridir. Bir çox Azərbaycan şirkətləri Gürcüstanda uğurla fəaliyyət
göstərir.

Sahibə Qafarova İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası
Komissiyanın da səmərəli fəaliyyət göstəridiyini, onun iqtisadi
sahədə əlaqələrin daha da dərinləşdirilməsinə geniş imkanlar
yaratdığını məmnunluqla söyləyib. Ölkələrimizin irimiqyaslı enerji
və nəqliyyat layihələrinin həyata keçirilməsində səmərəli
əməkdaşlıq etdiklərini xüsusi qeyd edib. Bildirib ki, bu layihələr
regionumuzun sabitliyinə və inkişafına mühüm töhfələr verir.

Milli Məclisin sədri dövlətlərarası əlaqələrin
möhkəmləndirilməsində parlamentlərin xüsusi rolunu qeyd edib.
Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin
əhəmiyyətindən danışıb. O, Azərbaycan parlamentinin qanunvericilik
fəaliyyəti, onun komitələri barədə məlumat verib. Bildirib ki, hər
iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq
qrupları təcrübə və informasiya mübadiləsi baxımından parlamentlər
arasında körpü rolunu oynayır.

Görüşdə Sahibə Qafarova 44 günlük Vətən müharibəsi zamanı
Azərbaycanın öz əzəli torpaqlarını 30 il davam edən erməni
işğalından azad etməsi və ərazi bütövlüyümüzü bərpa etməsi barədə
də danışıb. Qeyd edib ki, Azərbaycan bununla BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi müvafiq qətnamələrin yerinə yetirilməsini
təmin edib. Bu gün Ermənistan ilə Azərbaycan arasında münaqişə
artıq mövcud deyil. Hazırda Azərbaycan azad edilmiş ərazilərində
genişmiqyaslı bərpa və quruculuq işlərini həyata keçirir.

Ermənistanın işğal zamanı şəhər və kəndlərimizi dağıtdığı,
tarixi, mədəni və dini abidələrin vandalizmə məruz qaldığı baş
nazirin diqqətinə çatdırılıb. Spiker bildirib ki, bütün
infrastruktur yenidən qurulur, “yaşıl enerji” zonaları elan edilən
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni şəhər və
kəndlər inşa edilir, keçmiş məcburi köçkünlərin tezliklə öz
evlərinə qayıtması üçün lazımi şərait yaradılır.

Milli Məclisin sədri söyləyib ki, postmünaqişə dövründə Cənubi
Qafqazda yeni reallıqlar və yeni imkanlar yaranıb. Azərbaycan
Ermənistana regionda münasibətlərin normallaşmasına gətirib
çıxaracaq sülh sazişinin imzalanması barədə təkliflər verib.

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Teqlər: