Milli Məclisin növbəti iclası başlayıb.
AzerTimes-ın məlumatına görə, iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılır.
Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May – Müstəqillik Günü və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılması təklif edilir.
Oktyabrın 11-də keçirilən iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü adlandırılacaq.
Qeyd edək ki, 2021-ci il oktyabrın 18-də Azarbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kasb edir.