Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb (FOTO)

Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a verilən məlumata görə, iyulun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının videokonfrans formatında birgə iclası keçirilib.

İclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müzakirəyə “Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” məsələ çıxarılıb.

Əli Hüseynli İntizam komissiyasının Əsasnaməsi haqqında ümumi məlumat verib. Qeyd edib ki, Milli Məclisin İntizam komissiyasının 9 maddədən ibarət əsasnaməsi İntizam komissiyasının təşkili qaydasını, səlahiyyətlərini, iş qaydasını, İntizam komissiyası üzvlərinin, həmçinin komissiyada barəsində araşdırma aparılan deputatın hüquqlarını və vəzifələrini müəyyən edir. Bildirilib ki, yeni əsasnamə mövcud qanunvericiliyə uyğun hazırlanıb. Xüsusən də İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara baxılması qaydası və müddətləri dəqiq müəyyən edilib.

İclasda iştirak edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, yeni əsasnamədə təsbit edilən dəyişikliklər komissiyanın fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlib.

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Erkin Qədirli, Vüqar İskəndərov, İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı, komissiyanın üzvü Məlahət İbrahimqızı əsasnamə ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
Müzakirələrin sonunda Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Videokonfransda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Tahir Kərimli, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Nizami Səfərov, İntizam komissiyasının katibi Nurlan Həsənov, komissiyanın üzvləri Afət Həsənova, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak ediblər.

Teqlər: