Aprelin 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
yaz sessiyasında növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a bildirilib ki, iclası açan komitənin sədri Musa Quliyev
gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə “Əmək
pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və
Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxil
edilib.
Əvvəlcə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edən
komitə sədri sənədin mahiyyəti barədə danışıb. Qeyd edib ki,
müzakirəyə çıxarılan dəyişikliklər ölkəmizdə 2019-cu ildən başlayan
dərin islahatlar paketinin tərkib hissəsi olan əmək pensiyaları
sahəsində sosial ədalətin və sosial müdafiənin gücləndirilməsi
tədbirlərinin davamıdır. Komitə sədri bildirib ki, təklif olunan
dəyişikliklərdən məqsəd əmək pensiyalarının təyinatının və
ödənişinin təkmilləşdirilməsi, sığorta prinsiplərinə əsaslanan
sistemin dayanıqlığının artırılması, elektron hökumət çərçivəsində
avtomatlaşdırma işinin sürətləndirilməsidir. Dəyişikliklərin
cəmiyyətin sosial sifarişindən qaynaqlandığını qeyd edən Musa
Quliyev sənəddə bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya
çıxma şərtlərinin yumşaldılmasından danışıb. Komitə sədri bu
dəyişikliklərin qəbulundan 17-20 min vətəndaşın faydalanacağını və
bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcəyini
bildirib.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin
müdiri Adil Vəliyev qanun layihəsi barədə geniş məlumat verib. O,
“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən ümumilikdə 10
maddə üzrə 40 dəyişikliyi deputatların diqqətinə çatdırıb.
Adil Vəliyev qanun layihəsində təklif olunan kişilərin və
qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı
ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma
şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə
keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi
müddəalar barədə ayrı-ayrılıqda məlumat verib.
O, sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli
şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən
hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu
verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də
pensiya məbləğinin ödənilməsi kimi dəyişikliklərin müsbət
xarakterini vurğulayıb.
Layihə ilə bağlı əmək və əhalinin sosial müdafiəsi nazirinin
müavini Anar Kərimov çıxış edərək son dövrlər Azərbaycanda pensiya
təminatı sahəsində vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, innovativ həllərin tətbiqi və elektron
xidmətlərə keçidin sürətləndirilməsi, habelə şəffaflığın, vətəndaş
məmnunluğunun artırılması məqsədi ilə həyata keçirilən
islahatlardan danışıb. O, keçirilən pensiya islahatlarının
nəticələri, bu sahədə müsbət dinamikanı təsdiqləyən göstəriciləri
diqqətə çatdırıb, qanun layihəsində təklif olunan dəyişikliklərin
aktuallığını şərtləndirən əsas amillərdən bəhs edib.
Sənədin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin
müavini Məlahət İbrahimqızı, komitənin üzvləri Jalə Əliyeva, Sevinc
Hüseynova, Vüqar Bayramov, İlham Məmmədov, Ziyad Səmədzadə, Əziz
Ələkbərov, Aqil Məmmədov, Hesablama Palatasının Sosial sahələrin
auditi şöbəsinin müdiri Zəfər Rzayev çıxış ediblər, sənədlə bağlı
fikirlərini səsləndiriblər. Deputatlar dəyişikliklərin mütərəqqi
xarakter daşıdığını qeyd ediblər, sosial müdafiə tədbirlərinin
genişləndirlilməsi imkanları ilə bağlı fikirlərini bildiriblər.
Qarşılıqlı fikir mübadiləsi və dinləmələr şəraitində keçən
müzakirələrdə Əmək və sosial siyasət komitəsinin sədri Musa
Quliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar
Kərimov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov
deputatların qaldırdıqları məsələlərə münasibətlərini bildiriblər,
suallarını cavablandırıblar.
Müzakirələrin sonunda deputatlar “Əmək pensiyaları haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci
oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə
ediblər.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin
müdiri Adil Vəliyev “Sosial müavinətlər haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş) və Əmək
Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci
oxunuş) barədə məlumat verib.
Adil Vəliyev bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna
dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması
məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq
müddəalarına mahiyyət və məzmun dəyişiklikləri təklif edilib. Belə
ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər
sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi, həmçinin şəxsə
düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial
müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinətin təyin
olunması imkanı yaradılır.
Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
(birinci oxunuş) ilə bağlı şöbə müdiri bildirib ki, məcəllənin
49-cu maddəsinin adını dəqiqləşdirməklə yanaşı, fiziki şəxs olan
işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi
hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.
Komitə bu qanun layihələrini də birinci oxunuşda baxılmaq üçün
Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edib.
İclasda deputat Rauf Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin və Hesablama Palatasının əməkdaşları da iştirak
ediblər.