Milli Məclisin deputatları vaksinasiya olunacaq? – SORĞU

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda koronavirus pandemiyasına qarşı vaksinasiya bir müddətdir ki, davam edir. Artıq sabahdan etibarən 50 yaşdan yuxarı insanların vaksinasiya olunmasına başlanılacaq.

Milli Məclisin də deputatlarının da peyvənd olunub-olunmayacağı maraq doğuran məsələdir.

Məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Rzayev AzerTimes-a bildirib ki, peyvədn olunmağı məqsədəuyğun hesab edir: “Mən koronavirus xəstəliyin keçirmişəm, özü də çox ağır formada, bir aya yaxın xəstəxanada yatdım. Xəstəlikdən sağaldığımın 6 ayı dünən tamam oldu. Bilirsiniz ki, xəstəliyi keçirənlərdə antitellər yaranır. Ona görə də həmkimlə məsləhətləşəcəm, müayinədən keçəcəm, əgər məsləhət bilinsə peyvənd olunacam. Bildiyim qədəri ilə bir sıra deputatlar da artıq peyvənd olunub”.

Deputat Afət Həsənova da peyvənd olunmağı vacib hesab edir və peyvənd olunacağını deyir: “Fikrim qətidir, peyvənd olunacam. Bu virusdan bir qurtuluş yolu var, o da zamanında vaksin olunmaqdır. Mənim bacımın da yaşı 65-dən yuxarıdır, peyvənd olunub və özünü yaxşı hiss edir. Peyvəndlə bağlı yayılan şayələrə inanmaq lazım deyil”.

Milli Məclisin deputat Azər Badamov da peyvənd olunacağını deyib: “Təbii ki, peyvənd olunmaq niyyətim var və təklif olunan kimi vaksinasiya olunacam çünki bizim ayrı yolumuz yoxdur, hər kəs vaksinasiyadan keçməlidir. Yalnız bu yolla virusa son qoyulmalıdır”.

Deputat İlham Məmmədov da peyvənd olunmağın tərəfdarıdır. O qeyd edib ki, 50 yaşdan yuxarı insanların peyvənd olunmasına başlanılandan sonra peyvənd olunacaq: “Çünki pandemiyadan qurtarmağın yeganə yolu məhz vaksinasiyadan keçir. Hələ ki, dünyanın təqribən 10-14 faizinin vaksinə əlçatanlığı var. Əgər bizim də vaksindən yararlanmaq imkanımız varsa, niyə də istifadə etməyək?!”.

Deputat Ceyhun Məmmədov hesab edir ki, peyvənd olunmaq lazımdır: “Əlbəttə mütləq peyvənd olunmaq lazımdır. Mən özüm də gedib peyvənd olunacam və hamıya da peyvənd olunmağı tövsiyə edirəm”.

Teqlər: