Milli Məclisdə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlıq müzakirə olunub

Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib.

Parlamentdən AzerTimes-a verilən məlumata görə, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclisin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova altıncı çağırış Milli Məclisin fəaliyyətində bu cür konfransların keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirərək, bugünkü konfransda müzakirə olunan mövzunun da kifayət qədər aktual olduğunu qeyd edib. Sahibə Qafarova bu günlərdə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünün tamam olduğunu xatırladaraq, illər keçsə də Azərbaycan xalqının həmin tarixi günləri heç vaxt unutmayacağını, hər zaman böyük fəxarət hissi ilə xatırlayacağını söyləyib.

O, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu, bu, sənədin həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən parlamentin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvar ayının 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilib.

Spiker bildirib ki, bu strateji hədəflər ilk növbədə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Şuşa şəhərinə və işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir. Bu tədbirlər həm böyük rəmzi məna daşıyır, həm də həyata keçirilən layihələr milli iqtisadiyyatımızın da inkişafına təkan verir.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı bütün şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtdığını, talan etdiyini xatırladan S.Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi bu vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqdır.

Videokonfransda müzakirə olunan mövzunun aktuallığına toxunan Parlamentin sədri xatırladıb ki, altıncı çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu sahədə bir sıra mühüm addımlar atılıb. Postmüharibə dövründə də bu istiqamətdə uğurlu əməkdaşlıq davam etdirilir. Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir.

Spiker Milli Məclis deputatlarının seçicilərlə işinin düzgün əsasda qurulması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə veteranları, döyüşlərdə sağlamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha effektiv həyata keçirilməsi və Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.

Teqlər: