Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı
dinləmələr keçiriləcək.
AzerTimes-ın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın
müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, belə bir dinləmələrin bu il ərzində bir
neçə dəfə keçirilməsi planlaşdırılır.
“Təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirilməsi
pandemiya dövrünə təsadüf edib. İcbari tibbi sığortanın həyata
keçirilməsi nəticəsində əhali 2500-dən çox xidməti ala bilir”, –
deyə o bildirib.
Onun sözlərinə görə, icbati tibbi sığortanın həyata keçirilməsi
ilə Azərbaycanda ailə həkimi institutu formalaşmağa başlayıb:
“Bununla bağlı məmnunluq da yaranmağa başlayıb. Bütün bu
uğurlara baxmayaraq icbari tibbi sığorta ilə bağlı da bir çox
narahatlıq da mövcuddur. Yüksək texnologiyalı əməliyyatların
keçirilməsi üçün klinikalarda növbələr var. Hesab edirəm ki, icbari
tibbi sığorta zərfinin genişləndirilməsinə ehtiyac var”.