Xəbər - Elçin Mehdiyev – Trend:
Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, tədbirə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Dinləməyə toplaşanları salamlayan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu il Gənclər gününü qalib xalq olaraq qeyd etdiyimizi vurğulayaraq deyib ki, biz gənclərimizlə fəxr edirik! Vətən müharibəsi günlərində Azərbaycan gəncləri səngərdə, diplomatiya müstəvisində və informasiya məkanında bütün qüvvələrini səfərbər edərək Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandılar, igid oğullarımız öz canları, qanları bahasına 30 illik Vətən həsrətimizə son qoydular.
Komitə sədri bildirib ki, Azərbaycan əhalisinin 23,6 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb. Hazırda Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Növbəti 10 ildə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet həyata keçiriləcək ki, bu da hər bir vətəndaşı əhatə edəcək. Həmin prioritetlər, xüsusilə gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına kömək olacaq.
Son 56 ildə qlobal miqyasda nikahların sayının 3 dəfədən çox azaldığını, boşanmaların sayının isə 3 dəfəyədək artdığını qeyd edən Hicran Hüseynova hazırda qərbdə ailə dəyərlərinin mənəvi deqradasiyaya uğradığını, övladsız ailə və birgəyaşayışa əsaslanan vətəndaş nikahlarının artdığını təhlükəli hal kimi dəyərləndirib. O, bu tendensiyanın ölkəmizə sirayət etməməsi üçün adekvat addımların atılması vacibliyini qeyd edib.
Komitə sədri son dövrlərdə “ailə psixoloqu” məsələsinin gündəmə gəldiyini, narkotik və psixotrop maddə istifadəçilərinin sayının gəncləşdiyini, reproduktiv sağlamlıq məsələlərinin aktuallaşdığını, erkən nikahların qarşısının alınması vacibliyini, məşğulluğun təmin olunması zərurətini və digər aktual məsələləri diqqətə çatdırıb. Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində bir sıra təkliflər hazırlanır, həmçinin Ailə Məcəlləsinin və bir sıra qanunların yenidən ekspertizadan keçməsi istiqamətində iş aparılır.
Tədbirdə çıxış edən Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev gənc ailələrlə bağlı konkret problemlərə toxunub. Vitse-spiker COVID-19 pandemiyası ucbatından ötən il dünyada boşanmaların sayının artdığını və bu halın daha çox gənc ailələrdə baş verdiyini təəssüflə qeyd edib. Bildirib ki, 2020-ci ilin təkcə may ayında ölkəmizdə 1501 boşanma halı rəsmiləşib.
Vitse-spiker deyib ki, ailə cəmiyyətin özəyidir və dövlətin götürdüyü öhdəliklərdən biri də ailə problemlərinin həlli, sağlam ailə mühitinin yaradılmasıdır. Boşanmaların artmasına təsir edən amillər sırasında bəzi gənclərin narkotikə, alkoqol və digər zərərli vərdişlərə qurşanmasını önə çəkən Adil Əliyev qeyd edib ki, bizdə “Mediasiya haqqında” qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra mübahisələrin məhkəməyə qədər həlli mümkündür. Mediasiya çərcivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən yararlanmaqla əsassız boşanmaların qarşısını almaq olar.
Gənclər və idman komitəsində həyata keçirilən və nəzərdə tutulan işlər barədə məlumat verən vitse-spiker vurğulayıb ki, Vətən müharibəsində gənclərimiz döyüş meydanında böyük şücaət göstərdilər, arxa cəbhədə informasiya müharibəsində əzmkarlıq nümayiş etdirdilər. Gənc ailələrin çətinliklərinin həlli istiqamətində həyata keçirilən bütün tədbirlərlə yanaşı, gənclərimizin milli-mənəvi dəyərlərimizə uyğun tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.
Sonra dinləmədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin üzərinə düşən vəzifə və öhdəliklər” mövzusunda məruzə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Müasir Azərbaycan cəmiyyətində gənc ailənin statusu”ndan söhbət açıb. Gənclər Fondunun sədri Fərid Cəfərov “Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun rolu” barədə danışıb.
Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.
Dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Nigar Arpadarai və Rauf Əliyev gənc ailələrin mövcud vəziyyəti, maddi təminat məsələsi, boşanmaları doğuran səbəblər, narkomaniyaya qurşanma meylləri, sosial şəbəkələrin zərərli tərəfləri, qərbdən ixrac olunan yad psixologiya və yad adətlərin, yad vərdişlərin Azərbaycan gənclərinə təsiri və digər vacib məqamlardan bəhs ediblər, təkliflərini diqqətə çatdırıblar.
Onlayn dinləmədəki bütün çıxışlarda bu tədbirin keçirilməsinə yaradılan şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya minnətdarlıq bildirilib.
Videokonfrans formatında keçirilən dinləmədə deputatlar Ramin Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Sədaqət Vəliyeva, Rəşad Mahmudov və Könül Nurullayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İnsan Alverinə qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev, Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının sədri Afiq Məlikov, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Fəqan Hüseynov iştirak ediblər.
Müzakirələrə yekun vuran komitə sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirib, qanunvericiliyə dair təkliflərin nəzərə alınacağını qeyd edib. Tədbir iştirakçılarına öz təkliflərini yazılı şəkildə komitəyə təqdim etmələri tövsiyə olunub.
Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında keçirilən “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə başa çatıb.