Milli Məclis iki rayonun ləğv edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiq etdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən iclasında iki rayonun ləğv
edilməsi ilə bağlı məsələ müzakirə edilib.

AzerTimes-ın məlumatına görə, iclasın gündəliyinə “Gəncə şəhərinin
inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə
edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda
müzakirəsi daxil edilib.

Məlumat verilib ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə
qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası
qanununun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz
və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının
ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur.
Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə
inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1
və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə,
ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə,
Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə
inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində
3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan,
Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab
edilir.


“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında
bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun
layihəsi (birinci oxunuş) də Gəncə şəhərinin inzibati ərazi
bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin
Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin
siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin
aparılması nəzərdə tutulub.

Müzakirələrin sonunda hər iki qanun layihəsi birinci oxunuşda
qəbul edilib.

Teqlər: