Bildiyiniz kimi, biz 2020-ci ilin payız sessiyasını dünyada bəşəri təhlükə şəraitində sosial məhdudlaşdırma normalarının gətirdiyi çətinliklər fonunda keçirmiş olduq. Amma buna baxmayaraq, parlamentimiz müvafiq platformalar taparaq fəaliyyətini bütün müstəvilərdə uğurla həyata keçirib.
Trend xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
Ötən il parlament tərəfindən təşkil olunan tədbirləri diqqətə çatdıran Z.Orucun sözlərinə görə, həmin dövrdə komitənin gördüyü vacib işlərdən biri Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Azərbaycan tarixində hər zaman müqəddəs bir dövr kimi xatırlanacaq 44 günlük müharibəyə və onun nəticələrinə həsr olunmuş böyük toplantının keçirilməsi olub. Sessiya dövründə parlament üzvləri, o cümlədən komitə təmsilçiləri bütün platformalarda – informasiya, siyasi və diplomatik cəbhədə, o cümlədən vətəndaşlarımızla müxtəlif formatlı görüşlər keçirərək aktiv fəaliyyət göstəriblər. Komitə üzlərinin qeyri-hökumət təşkilatları nümayəndələri və hüquq müdafiə xarakterində çalışan qurumlarla görüşləri olub. O cümlədən Vəkillər Kollegiyası tarixində ilk dəfə olaraq, Milli Məclisin İnsan haqları komitəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə hüquq qanunvericiliyi istiqamətində, praktiki fəaliyyət və xüsusilə də məhkəmə sistemində aparılan islahatların qiymətləndirilməsi baxımından müzakirələr aparılıb.
Payız sessiyası dövründə Azərbaycan və Türkiyənin bütün hakimiyyət qollarının birgə fəaliyyəti kontekstində Milli Məclisin Sədri Sahibə Qafarovanın dəvəti ilə Türkiyə Böyük Millət Məclisinin rəhbəri Mustafa Şentop və TBMM-in İnsan haqları komitəsinin sədri Hakan Çavuşoğlu ölkəmizdə səfərdə olublar.
Milli Məclisin deputatı Fazil Mustafa da pandemiya dövründə Milli Məclisin fəaliyyətinin uğurlu olduğunu bildirib. O deyib ki, parlamentin Sədri Sahibə Qafarova tərəfindən istər siyasi partiyalar, istər beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri arasında, eləcə də komitələr arasında onlayn əlaqələrin qurulması məlumatlandırma baxımından hətta pandemiyadan əvvəlki dövrdən də effektiv şəkildə qurulub: “Bu, çox ciddi bir addımdır. Əvvəl parlamentə gəlib gedən hər hansı bir ekspertdən əldə etdiyimiz bilgi əsasında fəaliyyət məlumatları alırdıq. İndi isə daha çevik məlumatalma imkanımız var. Bu yaxşı bir tendensiyadır”.